“Ancaq qələbəni və üç xalı fikirləşirik”.
Bunu “Şəfa”nın futbolçusu Elnur Cəfərov Misli Premyer Liqasının səkkizinci turunda “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Qol vurdunuz. Yəqin ki, qələbə qazansaydız, bu oyun sizin üçün əlamətdar olacaqdı...
- Çox əlamətdar olardı. Oyunun içində xoş hisslər yaşayırdım. Sonda məğlub olmağımız məni çox məyus etdi.
- Ardıcıl məğlubiyyətlərin səbəbi nədir?
- Məğlubiyyət qaçılmazdır. Altı tur da ola bilər, 10 tur da. Böyük komandalar da məğlub olurlar. Futbolda olan şeydir. İlk turlarda rəqiblərimiz daha ağır komandalar idi. Sonra ard-arda bizə uyğun rəqiblər gəlir. “Şamaxı” ilə matçda çox yaxşı oynadıq. Xırda detallara görə məğlub olduq.
- “Qara zolaq”dan çıxmaq üçün bir qələbə kifayətdir?
- Bəli. Bir qələbə qazanıb psixoloji üstünlük əldə etmək lazımdır. Bundan sonra qarşıdakı matçlara yaxşı əhvalda çıxmaq olar.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gözləntiləriniz nədir?
- Ancaq qələbəni və üç xalı fikirləşirik. Başqa düşüncəmiz yoxdur. Çünki qələbəyə acıq.
- Karyeranız qeyri-stabil davam edir. Premyer Liqa, Birinci Liqa, İkinci Liqada çıxış edirsiniz. Bunun səbəbi nədir?
- Futbolda enişlər və yüksəlişlər olur. İkinci Liqadan Birinci Liqaya, oradan Premyer Liqaya qalxa bilmişəmsə, deməli xarakter göstərmişəm. İşimə davam edəcəyəm. Hədəfim daha yaxşı performans göstərib komandama kömək etməkdir.
