“Liverpul” futbol klubunun müdafiəçisi Miloş Kerkezin adı Ukraynanın “Mirotvorets” bazasına daxil edilib. Macarıstan millisinin də üzvü olan futbolçunun bu siyahıya salınmasına səbəb onun atasının sosial şəbəkədə etdiyi paylaşım olub.
İdman.Biz xəbər verir ki, Sebastyen Kerkez Millətlər Liqasında Macarıstanla Ukrayna arasında keçirilən oyunda oğlu ilə ukraynalı futbolçular arasında baş verən qarşıdurmanın fotosunu yayımlayıb. O, paylaşımda Rusiyanın rep ifaçısı "AK-47"nin “Russian Paradise” mahnısından da istifadə edib.
Bundan sonra həm Miloş Kerkez, həm də atası Sebastyen Ukraynada “Mirotvorets” məlumat bazasına daxil edilib.
Hadisə ilə bağlı Macarıstan Xarici İşlər Nazirliyi sərt mövqe ortaya qoyub. Nazirlik macar vətəndaşlarının “qara siyahılara” salınmasını və onlara qarşı mümkün təhdidləri pisləyib.
Miloş Kerkez isə atasının paylaşımına görə məsuliyyət daşımadığını bildirib. O, Millətlər Liqasında Ukrayna ilə oyundakı qarşıdurma zamanı “sadəcə kapitanı və dostunu müdafiə etdiyini” deyib.
Macar futbolçu həyatında heç vaxt “hər hansı aqressiyanı dəstəkləmədiyini” vurğulayıb və atasının hərəkətlərinə görə cavabdeh olmadığını bildirib.
Qeyd edək ki, “Mirotvorets” (“Sülhməramlı”) Ukraynada fəaliyyət göstərən, özünü qeyri-hökumət mərkəzi kimi təqdim edən onlayn məlumat bazasıdır. 2014-cü ildə yaradılıb və əsasən Ukraynanın milli təhlükəsizliyinə, dövlət maraqlarına və ərazi bütövlüyünə təhlükə yaratdığını hesab etdiyi şəxslər barədə məlumatlar dərc edir.
Bazada hərbi və siyasi şəxslərlə yanaşı, jurnalistlər, ictimai xadimlər, sənətçilər və digər tanınmış şəxslərin də adları yer alıb. Buna görə mediada tez-tez “Ukraynanın qeyri-rəsmi düşmənlər siyahısı” kimi təqdim olunur.
