“Azərbaycana ilk dəfədir gəlirəm”.
Bunu “Turan Tovuz” klubu ilə keçiriləcək yoldaşlıq matçı çərçivəsində Bakıya səfər edən Türkiyə nəhəngi “Fənərbağça”nın baş məşqçisi İsmail Kartal teleqraf.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Azərbaycana xoş gəlmisiniz. “Turan Tovuz”la yoldaşlıq matçı üçün ölkəmizdə səfərdəsiniz, əvvəlcə təəssüratlarınızı öyrənmək istəyərdik.
– İlk növbədə “Turan Tovuz” komandasına bizi Azərbaycana dəvət etdiyi üçün çox təşəkkür edirik. Dünən axşam da birlikdə şam yeməyi yedik. Komandalar, rəhbərlər, prezidentlərimiz, baş məşqçi, məşqçilər korpusu birlikdə maraqlı həmsöhbət olduq. Bizi çox gözəl qarşıladılar. Buraya gəliş səbəbimiz “iki millət, tək dövlət” olmağımızdır, biz qardaşıq. Azərbaycana gələrək qardaşlığımızı möhkəmləndirmək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Futbol mədəniyyətində həm Azərbaycan, həm də Türkiyə futbolunun inkişafı üçün bu cür görüşlərə məncə, daha çox diqqət və maraq olmalıdır. Hətta burada Azərbaycan komandalarının Türkiyədə mövsüm öncəsi, fasilə dövründə toplanış keçirməsi, Türkiyədə oynaması, eyni zamanda bizim buralara gəlməyimiz üçün böyük komandalar təşəbbüskarlıq göstərməlidir. Ortaq turnir keçirilməsini istərdik. Bu, futbol mədəniyyətidir. Futbol nə deməkdir? İnsanları birləşdirən, bir araya gətirən, küsülülükləri aradan qaldıran idman növüdür. Küsülülər, hətta bir-birini tanımayan insanlar belə qol vurulanda tribunada bir-birinə sarıla, sevinə bilir. Biz də bu sevinci Azərbaycan və Türkiyə xalqına, futbolsevərlərinə yaşada bilməliyik və yaşatmalıyıq. Bunun üçün biz buraya gəlmişik. Təşkilatçılar sağ olsunlar, gözəl oyun olacaq, inşallah. Qazanmaq və ya uduzmaq bizim üçün əlbəttə ki, vacib deyil. Azarkeşlərə gözəl və yaddaqalan matç izlətmək niyyətindəyik. Zədə olmasın, dostcasına gözəl bir oyun oynayaraq evimizə dönmək istəyirik.
– Azərbaycanda kifayət qədər “Fənərbağça” azarkeşi var. Bu baxımdan matç üçün həyəcan, əlavə məsuliyyət varmı?
– Əlbəttə ki, Azərbaycana uzun zamandan sonra yenidən gəlirik. Eşitdiyimizə görə, stadiondakı biletlərin çoxunu, 22-23 min bileti fənərbağçalılar alıb. Bu da gözəl bir şeydir. Azərbaycanda, Bakıda bizim bu qədər azarkeşimizin olması bizi xoşbəxt edir. Biz də yaxşı mübarizə aparıb onları sevindirmək istəyirik.
– Azərbaycana daha əvvəl gəlmisiniz?
– Azərbaycana ilk dəfədir gəlirəm. Komanda gələndə mən gələ bilməmişdim. Səhv etmirəmsə, 2012–2013-cü illər idi. O zaman Avropada bir rəqib var idi, onu izləməyə Avstriyaya getmişdim. Bu səbəbdən Bakıya gələ bilməmişdim.
– Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
– Bakı gözəl şəhərdir. Müasirlik və tarixilik vəhdət təşkil edir. Azərbaycanın iqtisadiyyatı xeyli inkişaf edib. Özümü burada çox rahat hiss edirəm. Bakıya da çox gözəl sərmayələr qoyulub, eynilə İstanbul kimi, öz evimiz kimi... İnsanlar səmimi şəkildə bizə yaxınlaşır. Təyyarədən düşəndə hava limanında bizi izdiham qarşıladı, avtobusa çətinliklə mindik.
– Bu sizi narahat etdi?
– Xeyr, bu, insanların bizə olan sevgi və hörmətini təcəssüm etdirir. Bizi burada görmələri onları çox xoşbəxt edir. Otelə gələrkən belə böyük hörmət gördük. İnsanların bizə göstərdiyi sevgi nümayişindən çox şad olduq. Biz də onlara çox təşəkkür edirik. Bizi heç bir yerdə tək qoymurlar.
– Bir neçə il öncə mətbuatda yayılan iddialara görə, Azərbaycandan “Neftçi” klubu sizi baş məşqçi kimi görmək istəmişdi. Burada işləmək kimi fürsətiniz yaranmışdı, bəs niyə alınmadı?
– Azərbaycandan elə bir təklif 3-4 il əvvəl menecerlər vasitəsilə gəlmişdi. O zaman bu, alınmadı. Amma bu futboldur…
– Siz “yox” dediniz, yoxsa ortaq məxrəcə gələ bilmədiniz?
– Menecerlər tərəfindən mənə təklif irəli sürüldü. Üz-üzə görüş olmamışdı, təklif menecerlər vasitəsilə gəldi, amma davamı olmadı. Hazırda “Fənərbağça”nın baş məşqçisiyəm və bu komandanın uğuru üçün çalışıram.
– Nə zamansa Azərbaycanda işləmək şansını dəyərləndirə bilərsiniz?
– Baş məşqçisi olduğum komanda çempionluq uğrunda mübarizə aparmalıdır. Biz bu gün Avropada Çempionlar Liqasında yarışırıq və yaxşı vəziyyətdəyik. 18 il sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmişik. Bunu heyətimiz, futbolçularımızla birlikdə bacarmışıq. İlk matçımızda da “Roma” ilə 1-1 hesablı heç-heçə etdik, qələbəni əldən qaçırdıq, amma çox yaxşı oynadıq. İnşallah, sonrası da yaxşı olar. Dediyim kimi, mən hazırda “Fənərbağça”nı düşünürəm. İrəlidə nə olar, onu indidən bilmirəm. Bu, qismətdir.
– Azərbaycanlı baş məşqçilərdən Qurban Qurbanovun adı zaman-zaman Türkiyə klubları ilə hallanır. Başqa məşqçilərdən kimləri tanıyırsınız?
– Qurban hoca ilə yanaşı Rəşad Sadıqovu tanıyıram. “Qarabağ” komandasını izləyirəm. Yaxşı klubdur, Avropada keçən il “Bayer Leverkuzen”ə qarşı məğlub mübarizəni dayandırdı. O mərhələni də keçsəydi, çox gözəl uğur olacaqdı. Amma Azərbaycanda da futbol ciddi şəkildə irəliləyir. Bunun üçün maliyyə dəstəyi göstərilir.
– Bəs azərbaycanlı oyunçulardan kimisə “Fənərbağça”da görmək istədinizmi?
– Vallah, açığı, hazırda ağlımda konkret ad yoxdur. Amma dediyim kimi, Azərbaycan futbolunu izləyirik. Ən son “Qarabağ” komandasını çox izləyirdik. Çünki Avropa kuboklarında mübarizə apara bildiyi üçün o, bizi cəzb edirdi. Həm də son illərdə yerli çempionatda həmişə bu komanda çempion olub. Belə eşitdik ki, digər klublarla müqayisədə ən böyük sərmayə "Qarabağ"a qoyulduğu üçün ən yüksək nəticəni də hər zaman o göstərir. Eləcə də Avropada fərqlənib.
– Bu il Çempionlar Liqasında mübarizəni "Sabah" klubu aparır…
– Bəli, məlumatlıyam, “Barselona” ilə oynayacaqlar. Əlbəttə ki, “Barselona” dünya səviyyəli bir komandadır, bir sistem komandasıdır. Həqiqəti demək lazımdırsa, o cür komandalara qarşı mübarizə birdən-birə yüksələn komandalar üçün çətindir. Bizim də işimiz çətindir, asan deyil. Amma biz əlimizdən gələni etməyə çalışırıq.
– Futbolçu və məşqçi karyeranızda azərbaycanlı futbolçularla dostluğunuz, yaxınlığınız olubmu?
– Bir dostum var idi ki, onunla çox yaxşı münasibətim vardı, görüşürdük. Aradan xeyli vaxt keçib. İlqar Qurbanov idi... O "Fənərbağça"nın akademiyasında idi. Sonra Türkiyədən “İnter Bakı” komandasına gəldi. Burada oynadı. Arada Türkiyəyə toplanışa gələndə görüşürdük. Türkiyədə akademiyada idi, mən də “Fənərbağça” akademiyasında çalışırdım. O zaman biz ona əlavə məşqlər keçirdik. Çox uğurlu oldu, əsas komandanın heyətinə yüksəldi, sonra “Beşiktaş”a getdi. Ailəsinə çox kömək etdi, anasına, atasına yardım edirdi, bu da təbii ki, bizi xoşbəxt edir. Sonra əlaqə kəsildi, hazırda ünsiyyətimiz yoxdur.
– Azərbaycanlı baş məşqçilərdən sizdən soruşsalar ki, kimləri Türkiyədə işləməyə məsləhət görərsiniz?
– Azərbaycanın baş məşqçiləri öz əllərindəki oyunçulara görə, öz futbol mədəniyyətlərinə görə yaxşı işlər görürlər. Yaxşı çalışırlar, komandaları fiziki olaraq çox sərt mübarizə apara bilirlər. Ona görə Azərbaycan baş məşqçiləri barədə yüksək fikirdəyəm.
– Azərbaycan futbolunun Türkiyə millisi kimi uğurlu olması üçün bir baş məşqçi kimi necə düşünürsünüz, nələrə ehtiyac var?
– İndi bizim Türkiyə milli komandamızın birlik və bərabərliyə ehtiyacı var. Məşqçiyə, oyunçularımıza dəstək olmaq lazımdır, onlara inanmalıyıq, mənəvi dəstək/motivasiya verməliyik. Yaxşı gündə hər kəs yaxşıdır, əsas olan çətin gündə dəstək vermək, onların yanında olmaqdır. Azərbaycan futboluna dair də eyni şeylər keçərlidir, futbolda dəyişilməzdir. Yaxşı olanda hər kəs sahib çıxır, azca büdrəyəndə təkbaşına ortada qalarsınız. Hər kəs məsləhət verməyə, eyham vurmağa başlayır. Ona görə də futbolda çətin günlərdə vacib olan dəstək olmaq, komandanın arxasında durmaqdır.
– Peşəkar məşqçi olaraq Azərbaycan millisində gələcəkdə Avropanın Top klublarında oynamağa layiq futbolçular görürsünüzmü?
– Ola bilər. Necə bizdən çıxıb Avropanın böyük klublarında oynayırlarsa, Azərbaycandan da çıxa bilər. Niyə də olmasın?!
