“Qarabağ” futbol klubunun sabiq qapıçısı Mateuş Koxalski Azərbaycandakı karyerası və Polşanın “Vyeçista” klubuna transferi barədə danışıb.
İdman.Biz-in Polşanın “Meczyki” nəşrinə istinadən məlumatına görə, 26 yaşlı qolkiper karyerasını Avropada davam etdirməyin onun üçün vacib olduğunu bildirib.
“Avropaya qayıtmaq mənim üçün vacib idi. Nəzəri cəhətdən Azərbaycan klubları avrokuboklarda çıxış edir, amma mənim üçün bu, yenə də çox uzaqdır. Mən karyeramı burada, Avropada qurmağa və hər kəsin arzuladığı kimi, onu mümkün qədər yaxşı davam etdirməyə üstünlük verirəm. Ekzotik liqalarda oynamaq istəmirəm. Düşünürəm ki, hər bir futbolçu “Top-5” liqalarında çıxış etməyi arzulayır”, - deyə Koxalski bildirib.
Polşalı qapıçı yeni klubunu da müsbət qiymətləndirib. O, “Vyeçista” oyununu qaydaya salması üçün müəyyən vaxt lazım olacağını qeyd edib.
Koxalski sentyabr ayında “Qarabağ”dan ayrılaraq “Vyeçista”ya keçib. Qapıçı Ağdam klubunda 2024-cü ildən çıxış edib və komandanın avrokuboklardakı oyunlarında iştirak edib.
