“ Mən 21 yaşımdan peşəkar səviyyədə çıxış edirəm”.
Bunu “Sumqayıt”ın yeni transferi Marko Yuhansson Misli Premyer Liqasının altıncı turunun “Kəpəz” ilə matçından (1:1) sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Çox templi oyun alındı. Yaxşı çıxış etdik. Qələbə qazanmaq üçün şanslarımız da var idi. Amma bəzi məqamlarda səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Ümumilikdə isə təəssüratlarım müsbətdir, özümü yaxşı hiss edirəm.
– Stadiondakı ab-hava barədə nə deyə bilərsiniz?
– Mən 21 yaşımdan peşəkar səviyyədə çıxış edirəm. Almaniyada, İsveçdə, İranın “Traktor” komandasında çıxış etmişəm. Xüsusən, 2015/2016 mövsümündə Almaniyada yüksək ab-havalı oyunlar görmüşəm. Bütün bunlara görə də deməzdim ki, Gəncə Stadionundakı ən yaxşısı idi. Bəzən kənardan mənə söz atırdılar. Əhəmiyyət vermədən keçir, öz işimi görürdüm. Bu cür azarkeşlər, əksinə, enerjimi qaldırır, mənə pozitiv təsir göstərirlər.
– Son dəqiqələrdə qurtarışlarınız oldu. Özünüz necə düşünürsünüz: Komandaya nə qədər qatqınız oldu?
– Mən bura “Sumqayıt”a kömək etmək üçün gəlmişəm. Düşünürəm ki, bu gün necə oyunçu olduğumu və keyfiyyətimi göstərə bildim. Lakin digər tərəfdən, qurtarışlar etmək mənim işimdir. Bacardığımı etdim.
