İlk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalı 2026-da iştirak edəcək komandaların qrupları bəlli olub.
İdman.Biz xəbər verir ki, turnir oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək.
Məlumata görə, yarışda 191 milli komanda iştirak edəcək və onlar 32 qrupa bölünüb.
Qrupların tam siyahısı hələ FIFA-nın rəsmi saytında dərc olunmayıb. Lakin püşkatmanın nəticələri artıq internetdə yayılıb. Ayrı-ayrı qrupların tərkibi isə milli futbol assosiasiyaları tərəfindən təsdiqlənib. Belə ki, Hindistan və Malavi futbol federasiyaları müvafiq məlumatı açıqlayıb. Cənub-Şərqi Asiya yığmalarının qrupları ilə bağlı nəticələri isə regional futbol resursu “ASEAN Football” yayıb.
Azərbaycan millisi AF qrupunda yer alıb. Yığmamızın rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste olacaq.
Qeyd edək ki, internetdə yayılan cədvəllərdə qrupların tərkibində müəyyən dəyişikliklərin ola biləcəyi də bildirilir.
Qrupların tərkibi
A qrupu: Anqilya, Estoniya, Fransa, Kosovo, Maldiv adaları, Cənubi Afrika.
B qrupu: Əlcəzair, Argentina, Çin Taypeyi, Malavi, Oman, Surinam.
C qrupu: Kamboca, İngiltərə, Monteneqro, Nikaraqua, İrlandiya, Zimbabve.
D qrupu: Braziliya, Konqo DR, Salvador, Qvineya-Bisau, Nepal, Tunis.
E qrupu: Barbados, Çili, Konqo, Küveyt, İspaniya, Tacikistan.
F qrupu: Beliz, Kosta-Rika, Kurasao, Liberiya, Mərakeş, Filippin.
G qrupu: Banqladeş, Burundi, Fici, İndoneziya, Portuqaliya, Uels.
H qrupu: Dominika, Efiopiya, Macarıstan, Malayziya, Meksika, Suriya.
I qrupu: Bolqarıstan, Qabon, Latviya, Lesoto, Şotlandiya.
J qrupu: Anqola, Mərkəzi Afrika Respublikası, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Solomon adaları.
K qrupu: Bəhreyn, Kamerun, Qrenada, Hindistan, Laos, Seneqal.
L qrupu: Benin, Kuk adaları, Honkonq, İtaliya, Qətər, Türkmənistan.
M qrupu: Kolumbiya, Dominikan Respublikası, Esvatini, Samoa, Slovakiya, Tailand.
N qrupu: Aruba, Xorvatiya, Yunanıstan, Fələstin, Sent-Lusiya, Yəmən.
O qrupu: Belarus, Botsvana, Mali, Monqolustan, Papua-Yeni Qvineya, Peru.
P qrupu: Amerika Samoası, Kanada, Qvatemala, Qvineya, Honduras, Sinqapur.
Q qrupu: Butan, Cənubi Koreya, Litva, Lüksemburq, Sent-Vinsent və Qrenadinlər, BƏƏ.
R qrupu: Bosniya və Herseqovina, Bruney, Qayana, İran, Mavriki, Vyetnam.
S qrupu: Kayman adaları, Misir, İraq, Makao, Sent-Kits və Nevis, Trinidad və Tobaqo.
T qrupu: Madaqaskar, Mozambik, Yeni Zelandiya, Puerto-Riko, Somali, Venesuela.
U qrupu: Kabo-Verde, Ekvador, Ekvatorial Qvineya, Qırğızıstan, Tonqa, Uqanda.
V qrupu: Boliviya, Cəbəllütariq, Liviya, Paraqvay, Seyşel adaları, Taiti.
W qrupu: Baham adaları, Qana, Quam, Qazaxıstan, Myanma, Özbəkistan.
X qrupu: Komor adaları, Moldova, Montserrat, Tanzaniya, Uruqvay, Zambiya.
Y qrupu: Albaniya, Kot-d’İvuar, Mavritaniya, Ruanda, Turks və Kaykos adaları, Vanuatu.
Z qrupu: Çad, Keniya, Malta, Niger, Şimali Makedoniya, Panama.
AA qrupu: Antiqua və Barbuda, Burkina-Faso, Eritreya, Livan, Yeni Kaledoniya, Şimali İrlandiya.
AB qrupu: Kuba, Çexiya, Yamayka, Şri-Lanka, Toqo, ABŞ Vircin adaları.
AC qrupu: Bermud adaları, Britaniya Vircin adaları, Gürcüstan, Namibiya, Polşa, San-Tome və Prinsipi.
AD qrupu: Kipr, Qambiya, İordaniya, Nigeriya, Pakistan, Cənubi Sudan.
AE qrupu: Əfqanıstan, Cibuti, Rusiya, Syerra-Leone, Sudan, Türkiyə.
AF qrupu: Andorra, Avstraliya, Azərbaycan, Haiti, İsrail, Timor-Leste.
943 oyun keçiriləcək
Qrupların əksəriyyətində altı milli komanda yer alıb. Yalnız I qrupunda beş komanda mübarizə aparacaq.
Turnirdə ümumilikdə 191 yığmanın iştirak edəcəyi rəsmən təsdiqlənib. Hindistan Futbol Federasiyasının məlumatına görə, komandalar 32 qrupa bölünüb. Yarış çərçivəsində altı oyun günü ərzində 20 meydançada ümumilikdə 943 matç keçiriləcək.
Turnirin formatı FIFA-nın ənənəvi yarışlarından fərqlənir. Qarşılaşmalar 8-ə 8 formatında keçiriləcək. Hər oyun 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Hissələr arasında 5 dəqiqəlik fasilə veriləcək. Meydançanın ölçüsü 68x50 metr olacaq. Qarşılaşmalar zamanı geri qaytarılan əvəzetmələrə də icazə veriləcək.
Komandalar oktyabrın 22-də Azərbaycana gəlməlidir. Oktyabrın 23-də rəsmi məşq günü keçiriləcək. Qrup, yaxud təsnifat mərhələsi oktyabrın 24-26-da baş tutacaq.
Oktyabrın 27-si istirahət günündən sonra komandalar mübarizəni 28 və 29 oktyabrda davam etdirəcəklər. Oktyabrın 30-da isə turnirin müxtəlif səviyyələri üzrə final oyunları keçiriləcək.
FIFA daha əvvəl rəsmi olaraq açıqlayıb ki, ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Kuboku və Festivalı oktyabrın 22-31-də Azərbaycanda keçiriləcək.
2027-ci ildə analoji turnirin qızlar arasında təşkili planlaşdırılır. 2028-ci ildən etibarən isə oğlanlar və qızlar arasında ayrı-ayrı yarışların hər il keçirilməsi nəzərdə tutulur.
