Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb

7 Sentyabr 2026 11:28
76
Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turunda 26 qol vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “Sabah” - “Zirə” (5:0), “Kəpəz” - “Şamaxı” (1:4), “Neftçi” - “Şəfa” (4:1), “Qarabağ” - “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində beş qol qeydə alınıb.

“Qəbələ” - “İmişli” və “Turan Tovuz” - “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə üç top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son altı mövsümün rekordudur.

Daha yüksək göstərici sonuncu dəfə 2020/2021-ci illər mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilmiş 10-cu turun dörd qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/2006-cı illər mövsümünün 36-cı turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da yeddi görüşdə orta göstərici 3,86 olub.

İdman.Biz