Coy-Lens Mikels het-trik etdi, Premyer Liqanın rekordunu təkrarladı

7 Sentyabr 2026 10:50
78
Coy-Lens Mikels het-trik etdi, Premyer Liqanın rekordunu təkrarladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə ilk het-trik qeydə alınıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Sabah”ın bombardiri Coy-Lens Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib. Bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub.

Mikelsin ikinci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley - 60-ci top olub. Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız “Sabah”da çıxış edən forvard debüt etdiyi 2021/2022-ci illər mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.

Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.

Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.

İdman.Biz