İnfantinoya DÇ hüquqları ilə bağlı sual verildi - cavabdan yayındı

7 Sentyabr 2026 10:13
69
İnfantinoya DÇ hüquqları ilə bağlı sual verildi - cavabdan yayındı

FIFA prezidenti Canni İnfantino dünya çempionatının media hüquqlarının bir hissəsinin satılması ilə bağlı mübahisəli plan ətrafında yaranan qalmaqala münasibət bildirməyib.

İdman.Biz xəbər verir ki, FIFA rəhbərinə Polşada keçirilən 20 yaşadək qadınlar arasında dünya çempionatının açılış oyunu zamanı son həftələrdəki fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. İnfantino bu mövzu barədə danışmaqdan imtina edib.

Qeyd olunur ki, 20 yaşadək qadınlar arasında dünya çempionatı iyulun sonunda FIFA-nın dünya çempionatı hüquqlarının bir hissəsini satmaqla bağlı kommersiya planından imtina etməsindən sonra təşkilatın keçirdiyi ilk böyük tədbirdir.

Sözügedən plan futbol dünyasında ciddi tənqidlərə səbəb olmuşdu. UEFA da buna kəskin etiraz etmiş, hətta FIFA-nın təşkil etdiyi turnirləri boykot etmək ehtimalı gündəmə gəlmişdi.

Son həftələrdə baş verənlərlə bağlı sualları cavablandırmaq istəməyən İnfantino deyib:

“Bilirsiniz, bu barədə çox şey söyləmək olar. Amma bunun üçün uyğun vaxt və uyğun yer var”.

FIFA prezidenti daha sonra diqqətini turnirə yönəltmək istədiyini bildirib:

“Amma bu gün burada futboldan zövq alırıq”.

İnfantino Katovitsedə FIFA-nın baş katibi Mattias Qrafström və hakimlər departamentinin rəhbəri Pyerluici Kollina ilə birlikdə olub.

Qeyd edək ki, 20 yaşadək qadınlar arasında dünya çempionatı sentyabrın 5-dən 27-dək Polşada keçirilir.

İdman.Biz
Məqalədə: