Paraqvay millisinin qapıçısı Orlando Xil 2026-cı il dünya çempionatında Fransa yığmasının hücumçusu Kiliyan Mbappe ilə yaşadığı insidentdən danışıb.
Xatırladaq ki, dünya çempionatının 1/8 final mərhələsində Fransa və Paraqvay milliləri üz-üzə gəlib. Qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu 70-ci dəqiqədə Mbappe penaltidən vurub.
Görüşdən sonra Xil ilə Mbappe arasında insident yaşanıb. Fransa millisinin hücumçusu qapıçının əlini sıxmaqdan imtina edib. Bundan sonra Xil topu Mbappenin kürəyinə atıb.
Maraqlıdır ki, avqustun sonunda Xil “Lill”ə transfer olunub və burada Kiliyan Mbappenin qardaşı Eten Mbappe ilə eyni komandada çıxış etməyə başlayıb.
Paraqvaylı qapıçı hadisədən sonra Eten Mbappedən də üzr istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, Paraqvaylı qapıçının fikirlərini “RMC Sport” nəşr edib.
“Mən çox məqsədyönlü oyunçuyam və məğlub olmağı sevmirəm. Bəzən düşünmədən nəsə edirik. Sonradan bu barədə düşündüm və üzr istədim. Bu, mənim xarakterimə uyğun deyil və hər şey artıq keçmişdə qalıb.
Hətta Eten Mbappedən də üzr istədim, çünki mən belə biri deyiləm. Bu cür hərəkətlər məni xarakterizə etmir. Etenlə aramızda hər şey qaydasındadır. O da Kiliyan kimi əla oyunçudur və böyük peşəkardır”.
