Xulian Alvaresin “Atletiko”dan ayrılaraq “Barselona”ya keçməsi üçün hüquqi imkanlarından biri hələ də qüvvədədir.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, argentinalı hücumçu Madrid klubu ilə müqaviləsini birtərəfli qaydada pozaraq “Barselona”ya keçə bilər.
Klubların birbaşa razılığa gəlməsi demək olar ki, mümkün deyil. Belə vəziyyətdə Alvares peşəkar idmançıların əmək münasibətlərini tənzimləyən qaydalardan yararlana və Madrid təmsilçisi ilə müqaviləsini birtərəfli qaydada ləğv edə bilər.
Qaydaların 16-cı maddəsinə əsasən, idmançı klubun təqsiri olmadan öz təşəbbüsü ilə müqaviləni pozarsa, klub kompensasiya almaq hüququna malikdir. Əgər kompensasiyanın məbləği əvvəlcədən tərəflər arasında razılaşdırılmayıbsa, məbləği əmək məhkəməsi müəyyənləşdirir. Bu zaman idmanla bağlı şərtlər, kluba dəymiş zərər, müqavilənin pozulma səbəbləri və digər amillər nəzərə alınır.
Alvares müqaviləni pozduqdan sonra bir il ərzində başqa klubla müqavilə imzalayarsa, yeni komandası kompensasiyanın ödənilməsinə görə subsidiar məsuliyyət daşıyacaq. Beləliklə, onun “Barselona”ya keçidi baş tutacağı halda, müvafiq xərclər kataloniyalıların üzərinə düşə bilər.
Bununla belə, mənbə qeyd edir ki, söhbətin Alvaresin müqaviləsindəki 490 milyon avroluq sərbəstqalma məbləğinin tam ödənilməsindən getməsi ehtimalı azdır. Kompensasiyanın məbləğini məhkəmə özü müəyyənləşdirməli olacaq.
26 yaşlı hücumçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilədək qüvvədədir. Nəşrin məlumatına görə, Alvares vergilər çıxılmamış təxminən 12,5 milyon avro illik maaş alır. Bu isə xalis olaraq təxminən 6,2 milyon avro təşkil edir.
Daha əvvəl argentinalı futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda üçüncü gündür “Atletiko”nun məşqində iştirak etmədiyi bildirilmişdi.
