“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi stadion məlum olub - VİDEO

26 Avqust 2026 12:40
157
“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi stadion məlum olub

“Sabah” futbol klubunun Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Klubun mətbuat katibi Elnur Həmidovun İdman.Biz-ə verdiyi məlumata görə, klub rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Qeyd edək ki, “Sabah”ın əsas stadionu Masazırda yerləşən “Bank Respublika Arena”dır. Klub uzun müddətdir ev oyunlarının böyük hissəsini məhz bu arenada keçirir. Komanda 2026-cı ildə də Azərbaycan çempionatındakı ev matçlarının əksəriyyətini “Bank Respublika Arena”da oynayıb.

Xatırladaq ki, “Sabah” İsrailin “Hapoel Beer-Şeva” klubu ilə dramatik keçən Çempionlar Liqasının pley-off mərhələsindəki mübarizədən sonra turnirin əsas mərhələsinə vəsiqə qazanıb. İlk oyunda 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu Bakıda keçirilən cavab görüşündə möhtəşəm geridönüşə imza ataraq əlavə vaxtda 5:2 hesabı ilə qalib gəlib. Bununla da “Sabah” iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə mərhələni keçib.

“Sabah” klub tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

İdman.Biz