İsrail millisinin keçmiş qapıçısı: “Sabah” ilk oyunda yaxşı təşkilatlanmış komanda olduğunu göstərdi”

24 Avqust 2026 15:29
90
İsrail millisinin keçmiş qapıçısı: “Sabah” ilk oyunda yaxşı təşkilatlanmış komanda olduğunu göstərdi”

“Bu cütlükdə mübarizə kifayət qədər bərabərdir, lakin mənim fikrimcə, “Hapoel” (Beer-Şeva) hələ də favoritdir. “Sabah” ilk oyunda yaxşı təşkilatlanmış və təhlükəli komanda olduğunu göstərdi”.

Bu sözləri İsrail millisinin keçmiş qapıçısı Dudu Aouate UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və ölkəsinin “Hapoel” komandası arasında keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.

“Təbii ki, “Sabah” Bakıda azarkeşlərinin dəstəyi ilə daha inamlı çıxış edəcək. Buna baxmayaraq, “Hapoel”in bu səviyyədə avrokubok oyunlarında daha çox təcrübəsi var. Heyətində isə səfər matçının təzyiqinin öhdəsindən gəlmək üçün kifayət qədər keyfiyyətli və təcrübəli futbolçular yer alır”, – deyə veteran qolkiper AZƏRTAC-a açıqlamasında bildirib.

Vaxtilə İspaniyada “Rasinq”, “Deportivo” və “Malyorka” kimi komandaların formasını geyinmiş D.Aouate qeyd edib ki, Azərbaycanda “Sabah”ın qalib gələcəyinə inananların mövqeyini başa düşür və komandanın potensialına hörmətlə yanaşır:

“Azərbaycanda insanların “Sabah”ın qalib gələ biləcəyinə inanmasını tam başa düşürəm və onların keyfiyyətinə hörmət edirəm. Lakin “Hapoel” öz səviyyəsində oynasa, intizamlı çıxış etsə və oyunun həlledici anlarında düzgün qərarlar qəbul etsə, növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı şansı olacaq”.

Mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini və yekun nəticəni xırda detalların müəyyənləşdirə biləcəyini vurğulayıb.

Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması avqustun 25-i Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz