Maradonanın “Tanrının əli” qolunu vurduğu top 3,35 milyon dollara satıldı - FOTO

24 Avqust 2026 16:00
69
Maradonanın “Tanrının əli” qolunu vurduğu top 3,35 milyon dollara satıldı

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı vurduğu məşhur “Tanrının əli” qolunda istifadə etdiyi top hərracda 3,35 milyon ABŞ dollarına satılıb.

İdman.Biz xəbər verir ki, “Adidas Azteca” markalı top ABŞ-nin Dallas şəhərində keçirilən hərracda yeni sahibini tapıb.

Sözügedən top 1986-cı il dünya çempionatının 1/4 final mərhələsində Argentina və İngiltərə yığmaları arasında keçirilən qarşılaşmada istifadə olunub. Maradona həmin oyunda əvvəlcə əllə qol vuraraq komandasını hesabda önə keçirib. Cəmi dörd dəqiqə sonra isə eyni topla rəqibin müdafiəsini yararaq fərdi keçid edib və futbol tarixinin ən məşhur qollarından biri sayılan “Əsrin qolu”nu vurub. Argentina həmin görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Top uzun illər həmin matçın baş hakimi, tunisli Əli Bin Nasserin kolleksiyasında saxlanılıb. O, topu ilk dəfə 2022-ci ildə Londonda keçirilən hərracda satışa çıxarıb. Həmin vaxt top 2 milyon funt sterlinqə, təxminən 2,37 milyon ABŞ dollarına satılıb.

2026-cı ildə keçirilən hərracda isə ilkin təklif 2,5 milyon ABŞ dollarından başlayıb. Nəticədə top 3,35 milyon dollara satılıb.

İdman.Biz