Acun Ilıcalı ilk dəfə niyə məhz “Hall Siti”ni seçməsinin sirrini açıb

21 Avqust 2026 11:59
91
Acun Ilıcalı ilk dəfə niyə məhz “Hall Siti”ni seçməsinin sirrini açıb

İngiltərənin “Hall Siti” futbol klubunun sahibi olan türkiyəli iş adamı Acun Ilıcalı karyerası və “Hall Siti” haqqında BBC-yə maraqlı müsahibə verib.

İdman.Biz xəbər verir ki, müsahibəsində İlıcalı 2022-ci ildə aldığı “Hall Siti”ni cəmi dörd il yarıma Premyer Liqaya çıxarmağı karyerasının ən böyük uğuru hesab etdiyini qeyd edib.

“Əgər mənə səkkiz il vaxt versəydiniz, bunu bacara biləcəyimizi deyərdim. Amma dörd il yarım ərzində Premyer Liqaya yüksəlmək iş həyatımda qazandığım ən böyük uğurdur”, - deyə o bildirib.

İlıcalı İngiltərədə klub almaq qərarından danışarkən “Derbi Kaunti”, “Kardiff”, “Suonsi” və “Hall Siti” variantları arasında qaldığını söyləyib.

Onun “Hall Siti” marağında isə şəhərdə gördüyü Hamber körpüsünün də rolu olub: körpü İlıcalıya İstanbulun Avropa ilə Asiyanı birləşdirən Boğaziçi körpüsünü xatırladıb və onda xüsusi təəssürat yaradıb.

Beləliklə, 2022-ci ilin yanvarında klubu alan Ilıcalı böyük hədəflərlə yola çıxsa da, ilk illər asan keçməyib və “Hall Siti” 2025-ci ilin mayında yalnız top fərqinə görə Çempionşipdə qala bilib.

Cəmi bir il sonra isə “Pələnglər” pley-off finalında qalib gələrək Premyer Liqaya yüksəlib.

İlıcalı bu nəticəni bütün karyerasındakı uğurlar arasında birinci yerə qoyur və “Hall Siti”nin Premyer Liqaya yüksəlişini biznes həyatının ən böyük nailiyyəti hesab edir.

İdman.Biz