“Dinamo Kiyev” – “Qarabağ”: Ukraynada yalnız öz komandalarına inanırlar – İDMAN.BİZ-İN İCMALI

6 Avqust 2026 19:22
87
“Dinamo Kiyev” – “Qarabağ”: Ukraynada yalnız öz komandalarına inanırlar – İDMAN.BİZ-İN İCMALI

Ukraynalı futbol ekspertləri Kiyev “Dinamo”sunu “Qarabağ”la ilk qarşılaşmanın aşkar favoriti hesab etmirlər. Bununla belə, onların əksəriyyəti İqor Kostyukun komandasının Lyublində minimal hesabla qalib gələcəyini proqnozlaşdırır.

Komandalar UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcəklər. Qarşılaşma bu gün – avqustun 6-da Polşanın Lyublin şəhərindəki “Arena Lyublin” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu gün fikirlərini açıqlayan bir sıra ukraynalı ekspert “Dinamo”nun qələbəsinə üstünlük verib, yalnız bir mütəxəssis heç-heçə gözlədiyini bildirib. Bununla belə, ekspertlərin heç biri asan oyun və ya böyükhesablı nəticə proqnozlaşdırmır.

Salenko: “Dinamo” 90 dəqiqə yüksək tempə davam gətirə bilməyəcək

Kiyevlilərin hazırkı vəziyyəti barədə ən sərt fikirləri “Dinamo”nun, Ukrayna və Rusiya yığmalarının sabiq hücumçusu Oleq Salenko səsləndirib.

O, bu cütlükdə aşkar favorit görmədiyini bildirib, “Qarabağ”ın sabitliyini, legionerlərinin səviyyəsini və böyük avrokubok təcrübəsini xüsusi qeyd edib. Salenko Ukrayna komandasının əsas probleminin bütün oyun ərzində yüksək intensivliyi qoruyub saxlaya bilməməsi olduğunu deyib.

Sabiq futbolçunun fikrincə, “Dinamo”nun müdafiəsində vaxtaşırı ciddi boşluqlar yaranır. Buna görə kiyevlilər yalnız öz oyunlarını rəqibə qəbul etdirməyə deyil, eyni zamanda “Qarabağ”ın oyununa uyğunlaşmağa da məcbur olacaqlar.
Salenko “Qarabağ”a məğlubiyyətin klub üçün “Avropa miqyaslı uğursuzluq” olacağını da vurğulayıb. Onun sözlərinə görə, gənc komandanın inkişaf etməsi üçün beynəlxalq səviyyəli oyunlara ehtiyacı var.

Salenkonun Lyublində keçiriləcək matç üçün proqnozu “Dinamo”nun 1:0 hesablı qələbəsidir.

Matviyiv: “Qarabağ” yalnız Bakıda təhlükəli deyil

Vaxtilə Azərbaycanın “Qəbələ” klubunda çalışmış ukraynalı məşqçi Stepan Matviyiv “Qarabağ”ı özünəməxsus oyun üslubuna malik tipik məşqçi komandası adlandırıb.

O, Ağdam təmsilçisinin yaxşı taktiki hazırlığını, futbolçuların inadkarlığını və Qurban Qurbanovun komandadakı böyük nüfuzunu xüsusi qeyd edib. Matviyivin sözlərinə görə, “Qarabağ”ı yalnız öz meydanında güclü olan komanda saymaq olmaz. Azərbaycan çempionu səfər oyunlarında da nəticə qazanmağı bacarır.

Ekspert hesab edir ki, “Dinamo” məhz Lyublində üstünlük yaratmağa çalışmalıdır. Bakıdakı cavab görüşündə kiyevlilər isti və yüksək rütubət şəraitində oynayacaqlar.

Matviyiv çox qol gözləməsə də, Ukrayna komandasının 2:1 hesablı qələbəsini proqnozlaşdırır. Belə nəticə qeydə alınacağı təqdirdə, qarşıdurmanın taleyi yenə də Azərbaycanda həll olunacaq.

Bliznyuk: hava şəraiti “Qarabağ”a kömək edə bilər

Ukrayna millisinin sabiq qapıçısı İlya Bliznyuk Ağdam klubunun heyətində baş verən itkilərə diqqət çəkib.
Onun fikrincə, bir neçə aparıcı futbolçunun gedişi ilk növbədə komandanın hücum potensialına təsir göstərib.

Bununla belə, “Qarabağ” özünəməxsus oyun üslubunu qoruyub: müdafiədən hücuma sürətlə keçir və rəqib qapısına ən qısa yolla çatmağa çalışır.

Məhz buna görə çox şey “Dinamo”nun müdafiə xəttindən asılı olacaq. Bliznyukun sözlərinə görə, kiyevlilərin bu mövqedə problemləri hələ də qalmaqdadır.

Ukraynalı mütəxəssis isti havanın belə şəraitə daha çox öyrəşmiş “Qarabağ” üçün müəyyən üstünlük yarada biləcəyini də düşünür.

Bliznyuk ehtiyatlı oyun gözləyir və 1:1 hesablı heç-heçə proqnozlaşdırır.

Kosovski Ponomarenkodan qol gözləyir

“Dinamo”nun və Ukrayna millisinin sabiq futbolçusu Vitali Kosovski də komandaların risk etməyəcəyini və maksimum sürətdə oynamayacağını düşünür.

O, Kiyev klubunun müdafiəsinə xüsusi diqqət çəkərək, bu xəttin PAOK-la son qarşılaşmalarda olduğu kimi yenidən “keçid meydançasını” xatırlatmayacağına ümid etdiyini bildirib.

Kosovski həlledici rolu gənc hücumçu Matvey Ponomarenkoya ayırıb. Ekspert forvardın qolsuz seriyasına son qoyacağını və “Dinamo”ya 1:0 hesablı qələbə qazandıracağını gözləyir.

Lisitski: heyətdə ciddi dəyişiklik olmayacaq

Ukrayna millisinin sabiq futbolçusu Vitali Lisitski kiyevlilərin start heyətində ciddi dəyişikliklərin olacağını gözləmir.
Onun fikrincə, Aleksey Siç yenidən müdafiənin sağ cinahında, Tomaş Kendzyora isə mərkəzdə meydana çıxa bilər. Andrey Yarmolenkonun da ilk dəqiqələrdən oynayacağı ehtimal olunur.

Lisitski “Dinamo”nun müdafiəsini problemli xətt adlandırıb və isti hava səbəbindən hər iki komandanın ehtiyatlı davranacağını bildirib.

Bununla belə, ekspert kiyevlilərin rəqibdən bir qol artıq vuracağını və 2:1 hesabı ilə qalib gələcəyini düşünür. Onun sözlərinə görə, belə nəticə Bakıdakı cavab görüşü öncəsi intriqanı qoruyacaq.

Ukraynadan kənarda nə düşünürlər?

Xarici analitiklər arasında da vahid fikir yoxdur.

İngilisdilli “Betshoot” portalının analitiki qeyd edib ki, “Dinamo” son uğursuzluqlarına reaksiya verməlidir. Lakin komandanın hazırkı oyunu nikbinlik üçün ciddi əsas yaratmır.

O, “Qarabağ”ı daha sabit və təsnifat mərhələlərində daha təcrübəli komanda adlandırıb. Buna baxmayaraq, analitik qalibi müəyyənləşdirməkdən imtina edərək komandaların şanslarını demək olar ki, bərabər qiymətləndirib.

SportyTrader-in statistik modeli isə cüzi üstünlüyü hətta Ağdam klubuna verib.

Modelə əsasən:

“Qarabağ”ın qələbə ehtimalı – 37,45 faiz;
heç-heçə ehtimalı – 32,2 faiz;
“Dinamo”nun qələbə ehtimalı – 30,35 faizdir.

Modelin əsas proqnozu matçda iki qoldan çox vurulmayacağıdır. Analitiklər bunu hər iki komandanın cari avrokubok mövsümündə məhsuldarlıqla bağlı problemlər yaşaması ilə izah edirlər.

İdman.Biz