FIFA-nın keçmiş prezidenti Yozef Blatter quruma qadının rəhbərlik etməsinin vaxtının çatdığını bildirib.
İdman.Biz xəbər verir ki, 90 yaşlı funksioner Norveç Futbol Federasiyasının prezidenti Lise Klavenessi Canni Infantinonun mümkün varisi kimi göstərib.
Blatter bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Lise Klaveness ən böyük hörmətə layiqdir. O, həmişə aydın mövqe sərgiləyən və çoxluğun arxasınca getməyən yeganə şəxs olub. FIFA-da rəhbərliyin qadına verilməsinin vaxtı çatıb”.

Klaveness 2022-ci ildən Norveç Futbol Federasiyasına rəhbərlik edir. O, bu vəzifəyə seçilən ilk qadındır. Keçmiş futbolçu 2025-ci ildən UEFA İcraiyyə Komitəsinin də üzvüdür.
45 yaşlı funksioner son illərdə Infantinonun siyasətini və FIFA rəhbərliyinin bir sıra qərarlarını açıq şəkildə tənqid edib. Klaveness FIFA prezidentliyinə mümkün namizədlərdən biri hesab olunur.
FIFA prezident seçkisi 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlər sənədlərini 18 noyabr 2026-cı ilədək təqdim etməlidirlər.
Xatırladaq ki, 2015-ci ildə beşinci dəfə FIFA prezidenti seçilən Yozef Blatter FIFA rəsmilərinə qarşı genişmiqyaslı korrupsiya istintaqına cəlb edilib. Sentyabrda İsveçrə prokurorluğu Blatter barəsində cinayət işi açıb. Araşdırmanın əsas mövzularından biri 2011-ci ildə UEFA-nın keçmiş prezidenti Mişel Platiniyə ödənilən iki milyon İsveçrə frankı olub.
FIFA Etika Komitəsi oktyabrın 8-də Blatteri əvvəlcə 90 gün müddətinə futboldan uzaqlaşdırıb. Dekabrın 21-də isə həmin ödənişlə bağlı etik qaydaları pozduğuna görə Blatter və Platiniyə səkkiz illik qadağa verilib. Sonradan Blatterin cəzası apellyasiya nəticəsində altı ilə endirilib.
Daha sonra İsveçrə məhkəməsi onlara bəraət qazandırıb. Lakin bu qərar FIFA-nın etik cəzasını ləğv etməyib. Blatterə 2021-ci ildə başqa maliyyə pozuntuları üzrə əlavə altı il səkkiz aylıq qadağa da verilib.
