“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstanın “CSKA Sofia” klubuna qarşı keçirdikləri ilk oyunu (0:0) dəyərləndirib.
Polşalı futbolçu futbolxeber.az-a müsahibəsində qarşılaşma, cavab görüşünə hazırlıq və azarkeşlərin dəstəyi barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
- UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “CSKA Sofia” ilə bərabərə qaldınız (0:0). Oyunla bağlı fikirləriniz necədir?
- Çətin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar bütün güclərini meydanda qoydular, bizə qarşı çox yaxşı çıxış etdilər. Biz də qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı.
- İstədiyiniz nəticəni qazanmağınıza nə mane oldu?
- Müəyyən çatışmazlıqlarımız oldu. Qol epizodlarından faydalana bilmədik. Bu da nəticəyə öz təsirini göstərdi.
- Cavab matçından gözləntiləriniz?
- Bəzi şeyləri dəyişməliyik. İkinci matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz səfərdə mərhələ adlamaqdır.
- Uğurlu nəticə üçün nələri dəyişmək lazımdır?
- İlk matçda çoxlu top itkilərinə yol verdik. Səfərdə daha diqqətli olmalıyıq. İstənilən halda “Qarabağ” yüksək səviyyəli komandadır və bunu ikinci görüşdə göstərməliyik.
- Azarkeşlərə nə demək istərdiniz?
- Ötən ev oyununda olduğu kimi, bu dəfə də azarkeşlər bizə əla dəstək nümayiş etdirdilər. Onları sevindirməyi çox istəyirdik. İnanıram ki, növbəti matçlarda fanatları daha çox sevindirəcəyik.
