İngiltərənin “Arsenal” futbol komandasının və Fransa millisinin mərkəz müdafiəçisi Uilyam Saliba uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.
İdman.Biz “L’Equipe”yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları görüşdə belindən ağır zədə alıb. Salibanın dörd aydan altı ayadək meydana çıxa bilməyəcəyi və əməliyyat olunacağı gözlənilir.
Fransalı müdafiəçi dünya çempionatı başlamazdan əvvəl də güclü bel ağrılarından şikayət edib. Buna baxmayaraq, o, həm klubunda, həm də milli komandada oynamağa davam edib.
Saliba 2025/2026 mövsümündə “Arsenal”ın mümkün 63 matçından 50-də meydana çıxıb. O, komandanın İngiltərə Premyer Liqasının qalibi olmasında və Çempionlar Liqasının finalına yüksəlməsində əsas rol oynayıb.
