UEFA rəhbərliyi FIFA prezidenti Canni İnfantinonın 2027-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyinin qarşısını almaq üçün pərdəarxası fəaliyyətə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə fransalı araşdırmaçı jurnalist Romen Molina məlumat yayıb. Onun iddiasına görə, UEFA daxilində İnfantinoya qarşı vahid namizədin irəli sürülməsi istiqamətində müzakirələr aparılır.
Bildirilir ki, FIFA prezident seçkiləri 2027-ci ildə keçiriləcək və İnfantino dördüncü müddətə rəhbərliyə namizəd olacaq. O, 2023-cü ildə baş tutan son seçkilərdə yeganə namizəd kimi yarışmışdı.
Molina qeyd edib ki, İnfantinonun ABŞ prezidenti Donald Trampa münasibətdə atdığı addımlardan sonra dünya futbolunun bir sıra nüfuzlu rəhbərləri onun alternativinin tapılmasının zəruri olduğu qənaətinə gəliblər.
“Trampın könlünü almaq məqsədilə verilən qərardan sonra dünya futbolunun digər rəhbərləri alternativ namizəd axtarmaq ideyasını müzakirə edirlər. Çünki bu vəziyyət artıq qəbuledilməzdir”, – deyə Molina bildirib.
Qeyd edək ki, hələlik nə UEFA, nə də FIFA bu iddialarla bağlı rəsmi açıqlama yayıb.
