Reşford üçün geri dönüş qapısı açılır

2 İyul 2026 17:36
84
Reşford üçün geri dönüş qapısı açılır

İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun klubdakı gələcəyi yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, 28 yaşlı hücumçu 2025/26 mövsümünü icarə əsasında “Barselona”da keçirib. O, Kataloniya təmsilçisinin heyətində 49 oyuna 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” Reşfordun 30 milyon avroluq satınalma bəndini aktivləşdirməyib. Klubun onu yenidən yalnız icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir. “Mançester Yunayted” isə bu varianta isti yanaşmır.

Komandanın müdafiəçisi Harri Maquayr “The Rest is Football” podkastında Reşfordun geri dönüşünə münasibət bildirib. O, Markusla münasibətlərinin çox yaxşı olduğunu, onun yüksək səviyyəli futbolçu kimi özünü yenidən göstərə biləcəyini deyib. Maquayr qeyd edib ki, qərar həm klub, həm də futbolçu üçün doğru olmalıdır.

Bununla yanaşı, “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz Reşfordu sərt tənqid edib. O, hücumçunun münasibəti ilə komanda yoldaşlarını məyus etdiyini bildirib və onun kollektivdən uzaq qalmasının daha doğru olduğunu vurğulayıb.

Qeyd edək ki, Reşford “Mançester Yunayted”in əsas komandasında 426 oyuna çıxıb, 138 qol vurub və 79 məhsuldar ötürmə edib.

İdman.Biz