“Xankəndi” mətbuatda yayılan iddiaları təkzib etdi - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

2 İyul 2026 17:15
88
“Xankəndi” mətbuatda yayılan iddiaları təkzib etdi - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Son günlər bəzi kütləvi informasiya vasitələrində “Xankəndi” Futbol Klubunda maliyyə problemlərinin yarandığı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bu barədə “Xankəndi” Futbol Klubunun Mətbuat Xidmətinin İdman.Biz-in sorğusuna verdiyi yazılı cavabda qeyd olunub.

“Xankəndi” FK-dən əməkdaşımıza bildirilib ki, klub təsdiq olunmuş fəaliyyət planına uyğun şəkildə Birinci Liqada debüt mövsümünə hazırlaşır və bununla bağlı bütün zəruri işlər plan üzrə davam etdirilir.

“Hazırda transfer prosesi davam edir. Eyni zamanda, Futbol Akademiyamızın aşağı yaş qrupları üçün seleksiya xarakterli seçimlər keçirilir.

Yaxın günlərdə komandamızın təlim-məşq toplanışı da start götürəcək.

Bununla yanaşı, ev oyunlarımızın Xankəndi şəhər stadionunda keçirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq və danışıqlar davam etdirilir.

Klubda görülən bütün işlər və qəbul olunan qərarlar barədə ictimaiyyət mütəmadi olaraq rəsmi sosial media hesablarımız vasitəsilə məlumatlandırılır. Qarşıdakı dövrdə də bütün yeniliklər operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq” -“Xankəndi” FK-nin cavabında vurğulanıb.

Məlumat üçün əlavə edək ki, artıq bir neçə gündür ölkə mətbuatı “Xankəndi” futbol klubunun maliyyə problemi ilə üzləşdiyini iddia edilirdi.

İdman.Biz