Türkiyənin “Qalatasaray” futbol klubunda çıxış edən Mauro İkardinin müqaviləsi başa çatıb.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçu 1 iyul 2026-cı ildən etibarən azad agent statusu alıb.
33 yaşlı futbolçu İstanbul təmsilçisi ilə yeni sözləşmə imzalamadığı üçün artıq istənilən kluba transfer haqqı ödənilmədən keçə bilər. “Qalatasaray” rəhbərliyi ilə İkardi arasında danışıqların davam edib-etməyəcəyi isə hələlik qeyri-müəyyən qalır.
Futbolçunun meneceri Elio Pino “HT Spor”a açıqlamasında yeni müqavilə ilə bağlı konkret danışmaqdan yayınır. O, İkardinin “Qalatasaray”la müqavilə imzalayıb-imzalamayacağı barədə suala belə cavab verib:
“Bunun cavabını bir ay əvvəl “Qalatasaray” rəhbərliyinə bildirmişəm. Buna görə cavab vermək məcburiyyətində deyiləm”.
Pino yeni müqavilənin hələ imzalanmamasının böhran yaradıb-yaratmadığı barədə sualı isə qısa cavablandırıb:
“Bu barədə danışmaq istəmirəm”.
Menecer İkardinin gələn mövsüm də “Qalatasaray” formasını geyinib-geyinməyəcəyi ilə bağlı suala isə “gözləyib görəcəyik” deməklə kifayətlənib.
Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da keçirdiyi dörd mövsüm ərzində klubun əsas simalarından birinə çevrilib. Argentinalı hücumçu İstanbul klubunun heyətində 134 rəsmi oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
