İtaliya millisinin yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri Antonio Kontedir.
İdman.Biz xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti Covanni Malaqo 56 yaşlı mütəxəssisin təyinatını sürətləndirmək istəyir. Tərəflər arasında dörd illik müqavilə variantının müzakirə olunduğu bildirilir.
İddialara görə, FIGC Konteni 2030-cu il dünya çempionatına qədər komandanın yenidən qurulması layihəsinin əsas fiquru kimi görür. İtaliya millisinin qarşısına tədricən bərpa olunmaq, heyəti yeniləmək və mundiala rəqabətədavamlı komanda ilə getmək məqsədi qoyulub.
İtaliya futbolunda dəyişikliklər komandanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra başlayıb. Bu uğursuzluqdan sonra federasiya rəhbərliyində və millinin məşqçilər korpusunda ciddi dəyişikliklər baş verib. Covanni Malaqo FIGC prezidenti seçilib, Cennaro Qattuzo isə millidən ayrılıb.
Konte artıq İtaliya millisində çalışıb. O, 2014-2016-cı illərdə yığmaya rəhbərlik edib və komandanı AVRO-2016-nın 1/4 finalına qədər aparıb.
Təcrübəli mütəxəssis son olaraq “Napoli”də çalışıb. O, Neapol klubunu 2024/25 mövsümündə A Seriyasının çempionu edib, ötən mövsüm isə İtaliya Superkubokunu qazanıb. Konte 2025/26 mövsümünün sonunda “Napoli”dən ayrıldığını açıqlayıb.
Bununla belə, təyinat hələ rəsmi təsdiqini tapmayıb. İtaliya mətbuatında Kontenin əsas favorit olduğu yazılsa da, Roberto Mançini də namizədlər sırasında göstərilir.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.
