İspaniyanın “Barselona” futbol klubu Portuqaliya millisinin müdafiəçisi Joao Kanselunu heyətdə saxlamaq istəyir.
İdman.Biz xəbər verir ki, kataloniyalılar 32 yaşlı futbolçunun DÇ-2026-dakı çıxışından razı qalıblar. Kanselunun mundialın ilk iki oyununda göstərdiyi performans klubun idman direktoru Dekonun yay transferi ilə bağlı mövqeyini daha da gücləndirib.
Portuqaliyalı futbolçu DÇ-2026-da yığmanın DR Konqo və Özbəkistanla matçlarında start heyətində meydana çıxıb. O, Özbəkistanla qarşılaşmada Kriştianu Ronaldunun qoluna məhsuldar ötürmə verib.
Kanselu 2025/26 mövsümünün ikinci hissəsini “Əl-Hilal”dan icarə əsasında “Barselona”da keçirib. O, bu müddətdə Kataloniya təmsilçisinin heyətində 23 oyuna çıxıb, iki qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” futbolçunu daimi əsasda transfer etmək niyyətindədir. Lakin Kanselunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən tərəflər arasında danışıqların asan olmayacağı bildirilir.
Keçidin reallaşmasında tanınmış menecer Jorje Mendeşin də mühüm rol oynadığı qeyd olunur. Mümkün variantlardan biri Mark Kasadonun “Əl-Hilal”a keçidi ilə bağlıdır. Səudiyyə Ərəbistanı klubunun 22 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı və bu faktorun Kanselu transferində istifadə oluna biləcəyi vurğulanır.

Kasado 2025/26 mövsümündə “Barselona”nın heyətində 34 oyunda meydana çıxıb. Buna baxmayaraq, La Liqada cəmi 10 dəfə start heyətində yer alıb. Onun yayda komandadan ayrılması ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Kanselu daha əvvəl də “Barselona”da çıxış edib. O, 2023/24 mövsümündə “Mançester Siti”dən icarə əsasında Kataloniya klubuna keçmiş və bütün turnirlərdə 42 oyunda meydana çıxmışdı.
