Danildo Assioli: “Qustavo Klisman “Neftçi”də yaxşı karyera quracaq” - MÜSAHİBƏ

24 İyun 2026 13:47
98
Danildo Assioli: “Qustavo Klisman “Neftçi”də yaxşı karyera quracaq” - MÜSAHİBƏ

“Bir insan olaraq, Qustavo Klisman meydandan kənarda çox təmkinlidir”.

“Bunu uzun illər Azərbaycanda legioner həyatı yaşamış, hazırda Portuqaliyanın “Santa Klara” klubunda çalışan, B komandasında baş məşqçi olan Danildo Assioli sportal.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– “Santa Klara”nın sabiq futbolçusu Qustavo Klisman “Neftçi”yə keçib. Onun haqqında fikirləriniz necədir?

- Klisman əla peşəkardır, çox yönlüdür, 8 və ya 10 nömrə mövqeyində, hətta cinahlarda da oynaya bilir. Yaxşı texnikaya, yaxşı ötürmə vermək qabiliyyətinə malikdir, yaxşı qərar verə bilir. Sürətlidir, boşluqları tutmaqda ağıllıdır, hərəkətlərdə intensiv və fiziki cəhətdən çox bacarıqlıdır. O, məşqlərdə də tam gücünü qoyan, həmişə öyrənməyə və komandaya kömək etməyə hazır olan bir oyunçudur. Düşünürəm ki, “Neftçi” komandanın uğur qazanmağına çox kömək edəcək oyunçunu transferi reallaşdırdı.

– Maraqlıdır, yəqin ki, onun Azərbaycanda uzun illər oynadığını bilirdiniz. “Neftçi”yə keçməzdən əvvəl sizinlə söhbəti olmuşdumu?

- Bəli, Azərbaycana yollanmamışdan qabaq Qustavo ilə danışdıq. O, “Neftçi”nin strukturundan təsirlənmişdi. Portuqaliyadakı bütün klubların “Neftçi”dəki qədər mütəşəkkil bir strukturu yoxdur. Keçən il dostum Samir Abasovun dəvəti ilə təlim mərkəzini ziyarət etmək üçün orada olanda strukturdan təəccübləndim. Klisman da bunu anlayır və bu fürsətin uğurla dolu olması üçün çalışacaq.

– Qustavonun “Neftçi”də aparıcı qüvvəyə, komandanın əsas futbolçularından birinə çevriləcəyini düşünürsünüz?

- Bir insan olaraq, Klisman meydandan kənarda çox təmkinlidir. Bununla belə, o, çox pozitiv insandır və həmişə üzündə təbəssüm var. Əminəm ki, adaptasiyası asan olacaq. Xüsusilə onun meydandakı profilini bəyənirəm, o, meydanda hər şeyini verir, eyni sadiqliklə hücum və müdafiə üçün əlçatandır, son ötürməyə uyğun həmkarlarını tapmaq bacarığı ilə tanınır. Şübhəsiz ki, o, “Neftçi”də yaxşı karyera quracaq.

- Portuqaliya bazarı yenə də Azərbaycan klubları üçün əsas hədəfdir. Demək olar ki, Azərbaycanın əksər klubları oradan futboluçu transfer edir...

- İnanıram ki, Portuqaliya bazarı təklifin müxtəlifliyinə görə arzuolunandır. Burada müxtəlif kontekstlərdən oyunçular var və ən əsası federasiya tərəfindən məşqçilərin hazırlanmasına çox yüksək sərmayə qoyulur. Bu amillər birlikdə milli futbolun qiymətləndirilməsinə səbəb olur.

- Jorj Kaşkilya haqda hansı fikirdəsiniz? Onun çalışdırdığı klub “İmişli” Premyer Liqada ilk dəfə idi ki, iştirak edirdi. Amma klub Premyer Liqada qala bildi....

- Bəli, mən cənab Kaşkilyanın işini bilirəm, mən hələ futbol oynayarkn, bir-birimizə rəqib olmuşduq. Onun əlində “İmişli”ə sabitlik gətirmək üçün böyük bir çətinlik var idi və o, bunu böyük ləyaqətlə yerinə yetirdi. Cənab Kaşkilyaya yeni mövsüm də çoxlu uğurlar arzulayıram!

- Sizi də nə vaxtsa Azərbaycanda görəcəyik, baş məşqçi və ya köməkçi məşqçi kimi? Deyəsən, Fernandu Santuşun dövründə Azərbaycan milli komandasında işləmək variantınız var idi?

- Bəli, Azərbaycan futboluna qayıtmaq arzum var! İstər baş məşqçi, istərsə də köməkçi kimi, bunu proqnozlaşdırıram. UEFA PRO lisenziyamı təzəlikcə tamamladım və Azərbaycan klublarından hər hansı bir dəvət gəlsə, bunu böyük sevgi ilə qiymətləndirəcəyəm. Cənab Fernandu Santuş milli komandada olduğu müddətdə onun texniki heyətinə qoşulmaq mümkün olmadı, amma həyat davam edir.

İdman.Biz