La Liqada yeni mövsümün təqvimində müəyyən dəyişiklik olacaq

22 İyun 2026 07:45
87
La Liqada yeni mövsümün təqvimində müəyyən dəyişiklik olacaq

İspaniyanın La Liqa çempionatında 2026/27 mövsümünün təqvimi 30 iyunda açıqlanacaq.

İdman.Biz “Cadenaser”ə istinadən xəbər verir ki, həmin gün həm La Liqa, həm də Sequnda Divizionun tur üzrə oyun cütləri bəlli olacaq. Lakin matçların dəqiq günləri və başlama saatları ilkin mərhələdə tam göstərilməyəcək.

Bu məlumatlar televiziya yayımı, avrokubok təqvimi və İspaniya Kuboku oyunları nəzərə alınaraq daha sonra mərhələli şəkildə təsdiqlənəcək. Adətən qarşılaşmaların dəqiq vaxtı oyun günündən üç-beş həftə əvvəl elan olunur.

Yeni mövsümün startı isə 15-16 avqust həftəsonuna planlaşdırılıb. Mövsümün nə vaxt başa çatacağı hələ rəsmən təsdiqlənməyib. İlkin ehtimala görə, çempionat 2027-ci il mayın 23-də və ya 30-da yekunlaşa bilər.

2026/27 mövsümündə beynəlxalq oyunlarla bağlı fasilələrin formatında da dəyişiklik olacaq. Payızda üç ayrı birhəftəlik fasilə əvəzinə bir uzun iki həftəlik, bir də qısa fasilə nəzərdə tutulur. Bu səbəbdən 26 sentyabr, 3 oktyabr və 14 noyabr həftəsonlarında La Liqa matçları keçirilməyəcək. Martın 27-si həftəsonunda da milli komandaların oyunları ilə əlaqədar ayrıca fasilə olacaq.

İdman.Biz