İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində növbəti keçidi reallaşdırmağa yaxındır.
İdman.Biz “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Rasinq Santander”in gənc müdafiəçisi Jorge Salinası heyətinə qatmaq istəyir.
“Barselona” 19 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib. Bu keçid baş tutacağı halda, Salinas klubun yay fasiləsində ikinci transferi olacaq.
Məlumata görə, “Barselona”nın rəqiblərini geridə qoymasında futbolçunun mövqeyi həlledici rol oynayıb. Salinas katalon klubunun formasını geyinmək istəyir və bu səbəbdən “Barselona” danışıqlarda üstünlük qazanıb.
Gənc futbolçu əsasən sol cinah müdafiəçisi kimi çıxış edir. Bununla yanaşı, o, mərkəz müdafiəçisi mövqeyində də oynaya bilir. Bu universallıq “Barselona” üçün transferi daha cəlbedici edir.
Salinasın “Rasinq Santander”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. İspaniya mediası onun sərbəstqalma məbləğinin təxminən 10 milyon avro (20 milyon AZN) olduğunu yazır. Bununla belə, “Barselona”nın keçidi birbaşa danışıqlar yolu ilə daha sərfəli şərtlərlə tamamlamağa çalışdığı bildirilir.
Qeyd edək ki, Salinas ötən mövsüm “Rasinq Santander”in əsas heyətində çıxışı ilə diqqət çəkib və İspaniyanın aşağı yaş qruplarından ibarət yığmalarına da dəvət alıb.
