Türkiyənin “Fənərbağça” futbol klubunun prezidentliyinə namizəd Hakan Safi yerli vaxtla gecə saat ikidə İtaliyanın “İnter” futbol komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə razılıq əldə etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Hakan Safi seçki kampaniyası çərçivəsində Merih Demiraldan sonra Hakan Çalhanoğlu ilə də anlaşma əldə edildiyini bildirib. Türkiyə mətbuatının məlumatına görə, tərəflər 3+1 illik prinsipial razılığa gəliblər.
Safi tərəfinin seçki kampaniyası hesabında Çalhanoğlunun “İnter”də çempionluq sevinci zamanı səsləndirdiyi və sosial şəbəkələrdə trendə çevrilən “Made in Romania” mahnısı paylaşılıb. Bu paylaşım transfer anonsu kimi qiymətləndirilib.
Məlumata görə, futbolçunun meneceri də danışıqları təsdiqləyib. O, son günlər Hakan Safi ilə geniş görüşlər keçirdiyini və Safinin seçkidə qalib gələcəyi halda futbolçu ilə bağlı prinsipial anlaşmanın olduğunu bildirib.
“Fənərbağça”da prezident seçkisi ərəfəsində Hakan Safinin adı Luis Suares, Merih Demiral və Meyson Qrinvudla da hallanır. Bu transferlərin reallaşması seçkinin nəticəsindən və klublar arasında razılaşmaların əldə olunmasından asılı olacaq.
Hakan Çalhanoğlu geridə qalan mövsümdə “İnter”in heyətində 30 rəsmi oyuna çıxıb, 12 qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
