“Zirə”nin rəqibi: “Azərbaycandakı istidən qorxmuram”

26 İyul 2026 12:15
111
“Zirə”nin rəqibi: “Azərbaycandakı istidən qorxmuram”

Estoniyanın “Paide” futbol komandasının hücumçusu Henri Anier UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, estoniyalı futbolçu “Soccernet”ə açıqlamasında Bakıdakı cavab görüşü ilə bağlı fikirlərini də bölüşüb. “Paide” ilk qarşılaşmada rəqibini Pärnuda 1:0 hesabı ilə məğlub edib. Qələbə qolu 87-ci dəqiqədə Patrik Ava Çam tərəfindən vurulub.

Anier “Zirə”nin cütün favoriti hesab edilməsinə münasibət bildirib:

“Oyundan əvvəl “Zirə”nin aşkar favorit olduğu deyilirdi. Amma biz heç kimdən qorxmaq üçün əsasımız olmadığını göstərdik. Təvazökar qalmalıyıq. Bu oyunda da matç irəlilədikcə inkişaf etdiyimizi göstərdik”.

Təcrübəli hücumçu Azərbaycandakı hava şəraitinin də onların qarşısında duran çətinliklərdən biri olacağını vurğulayıb:

“Azərbaycanda isti olacağını unutmamalıyıq. Şəxsən mən Asiyada beş il keçirdiyim üçün istidən qorxmuram. Bizi çətin sınaq gözləyir, amma komandama inanıram”.

Qeyd edək ki, “Paide” - “Zirə” matçında Anier komandasının qələbə qolunun yaranmasında iştirak edib. Onun zərbəsindən sonra qayıdan topu Çam tora göndərib.

“Zirə” - “Paide” cavab görüşü 30 iyul 2026-cı il, saat 20:00-da keçiriləcək.

İdman.Biz