Portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyədə “Fənərbağça” futbol klubunda baş məşqçi olduğu dövrdə aldığı cəzalara görə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
İdman.Biz xəbər verir ki, Türkiyə mətbuatı AİHM-in Mourinyonun müraciətini icraata götürdüyünü və Türkiyədən rəsmi müdafiə tələb etdiyini yazır. Məlumata görə, şikayətdə Türkiyə Futbol Federasiyasının intizam və apellyasiya qurumlarının qərarları hədəf alınıb.
İddiaya əsasən, Mourinyo Türkiyədə futbol qurumlarının müstəqil olmadığını, ifadə azadlığının pozulduğunu və ədalətli məhkəmə araşdırması hüququnun zədələndiyini bildirib. Portuqaliyalı məşqçinin əsaslandırılmış qərarın ona təqdim edilmədiyini də iddia etdiyi qeyd olunur.
Məsələ 2024-cü ilin noyabrında “Trabzonspor”la oyundan sonra verilən cəzalarla bağlıdır. Həmin vaxt Türkiyə Futbol Federasiyası Mourinyonu VAR və hakimliklə bağlı açıqlamalarına görə cəzalandırıb. Həmin oyuna görə ona bir oyunluq cəza və pul cəriməsi tətbiq olunub.
Türkiyə mətbuatında AİHM-in Türkiyəyə cavab üçün altı aya qədər müddət verdiyi bildirilir. Bundan sonra məhkəmənin müraciətlə bağlı qiymətləndirmə aparacağı qeyd olunur.
