İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres komandanın braziliyalı futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, klub rəhbəri “El País”ə müsahibəsində 25 yaşlı oyunçunun “Real Madrid”də qalmasını istədiyini bildirib. Peres Vinisiusun komanda üçün önəmini xüsusi vurğulayıb.
O, braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı sualı belə cavablandırıb:
“Vaxt var. Onun ömürlük burada qalmasını istərdim. Son iki Çempionlar Liqasını bizə o qazandırıb və klubla çox yaxşı uyğunlaşıb”.
Peres Vinisiusun “Real Madrid” üçün böyük dəyər daşıdığını da qeyd edib. Klub prezidenti bildirib ki, futbolçunun komandada qalmasından məmnun olar və onunla bağlı yayılan maliyyə tələbləri barədə iddiaları doğru saymır.
“Real Madrid” rəhbəri həmçinin Vinisius Junior və Kilian Mbappenin birgə oynaya bilməməsi barədə fikirlərə də münasibət bildirib. O, bu iddianı əsassız adlandırıb və hər iki futbolçunu dünyanın ən yaxşıları sırasında gördüyünü deyib.
