İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Dani Olmonun müqavilə şərtləri yaxşılaşdırılacaq.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, tərəflər arasında bu razılaşma əvvəlcədən əldə olunub və ispaniyalı futbolçunun “Barselona”dakı üçüncü mövsümündən etibarən qüvvəyə minəcək.
Kataloniya təmsilçisi Olmonun 2024-cü ilin yayında transfer zamanı etdiyi maliyyə güzəştlərini nəzərə alıb. Futbolçu həmin vaxt İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasından daha sərfəli təkliflər alsa da, “Barselona”ya keçmək üçün ilkin maaşının azaldılmasına razı olub.
Yeni maaş artımı Olmonun komanda daxilindəki statusuna uyğunlaşdırılacaq. Klub bununla futbolçunun ilk iki mövsümdə daha aşağı məvaciblə çıxış etməsini kompensasiya etmək istəyir.
Xatırladaq ki, Dani Olmo 2024-cü ilin yayında “Leyptsiq”dən “Barselona”ya keçib. Onun müqaviləsi 2030-cu ilin 30 iyununa qədərdir və sərbəst qalma məbləği 500 milyon avro (1 milyard AZN) təşkil edir.
Olmo 2025/2026 mövsümündə 46 rəsmi oyunda iştirak edib, səkkiz qol və doqquz məhsuldar ötürmə ilə fərqlənib.
