Mourinyo “Real Madrid”də ulduz yox, döyüşçü istəyir

31 May 2026 12:09
75
Mourinyo “Real Madrid”də ulduz yox, döyüşçü istəyir

Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo İspaniyanın “Real Madrid” futbol klubunda mümkün ikinci dönəmi üçün transfer siyasəti ilə bağlı mövqeyini müəyyənləşdirib.

İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, məlumatına görə, təcrübəli məşqçi qlobal ulduz transferlərini əsas prioritet saymır. O, qaçmağa, mübarizə aparmağa, komanda üçün fədakarlıq etməyə hazır, eqosu yox, güclü kollektiv ruhu olan futbolçuların alınmasını istəyir.

Madrid təmsilçisinin transfer planında bir və ya iki mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi, sol cinah müdafiəçisi və iki yarımmüdafiəçi yer alır. AS-ın məlumatına görə, yarımmüdafiəçilərdən biri yaradıcı oyunçu, digəri isə müdafiəyönlü dayaq yarımmüdafiəçisi olmalıdır.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatında Mourinyonun “Real Madrid”ə qayıdış variantı gündəmə gəlib. “Cadena SER”in yaydığı xəbərdə isə “Benfika”nın portuqaliyalı məşqçini saxlamaq üçün onunla yeni müqavilə bağlamağa çalışdığı qeyd olunur.

İdman.Biz