Portuqaliyalı futbolçu Bernardu Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Atletiko Madrid” 31 yaşlı yarımmüdafiəçi uğrunda mübarizəni davam etdirir və onun yekun qərarını gözləyir.
Bernardu isə “Barselona”ya keçmək istəyini klub rəhbərliyinə çatdırıb. Portuqaliyalı futbolçu “Mançester Siti”dən ayrıldıqdan sonra azad agent statusu alıb və maaşında endirimə də hazırdır.
Bununla belə, transferin reallaşması üçün bir neçə şərt var. Əsas məqam Hansi Flikin bu keçidə razılıq verməsidir. Almaniyalı mütəxəssis hələ Bernardunun transferinə yekun “hə” deməyib, çünki komandanın orta xəttində və hücumameyilli zonalarında oyunçu sıxlığı var.
“Barselona”nın transferdə irəli getməsi üçün heyətdə ayrılıqlar da vacib sayılır. Mənbənin məlumatına görə, Mark Kasado komandadan ayrılmağa ən yaxın futbolçulardan biridir. Bundan başqa, Runi Bardaqji, Markus Reşford və Ferran Torresin gələcəyi də tam dəqiqləşməyib.
Bernardu Silva qərarını Dünya Çempionatı başlamazdan əvvəl vermək istəyir. Lakin “Barselona”nın tələsməməsi futbolçunun planlarına uyğun gəlmir. “Atletiko Madrid” portuqaliyalıya Kataloniya klubundan daha yaxşı şərtlər təklif edir.
Qeyd edək ki, Bernardu Silva son illərdə dəfələrlə “Barselona” ilə əlaqələndirilib. Onun agenti Jorje Mendeşdir.
