Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Mauro İkardinin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi argentinalı futbolçuya yeni müqavilə təklif etsə də, tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb.
Məlumata görə, “Qalatasaray” rəhbərliyi 33 yaşlı forvarda bir illik müqavilə qarşılığında dörd milyon avro (səkkiz milyon AZN) maaş təklif edib. İkardinin nümayəndəsi Elio Pino isə bu şərtləri yetərli hesab etmir. Türkiyə mətbuatında futbolçunun daha yüksək maaş və daha uzunmüddətli müqavilə istədiyi bildirilir.
İkardinin qərarını istirahətdən qayıtdıqdan sonra verməsi gözlənilir. Klub prezidenti Dursun Özbekin argentinalı hücumçunun komandada qalmasını istədiyi qeyd olunur. Buna baxmayaraq, “Qalatasaray”ın hazırkı təklifdə dəyişiklik etməyi planlaşdırmadığı iddia edilir.
Baş məşqçi Okan Burukun isə planlarını yalnız İkardinin qərarına bağlamadığı bildirilir. Təcrübəli mütəxəssisin Viktor Osimhenə alternativ olacaq yeni mərkəz hücumçusu transferini istədiyi vurğulanır.
Bu istiqamətdə Türkiyənin “Başakşəhər” futbol komandasının hücumçusu Bertuğ Yıldırımın da “Qalatasaray”ın gündəmində olduğu iddia olunur.
Yeni hücumçu transferi reallaşarsa və İkardi də komandada qalarsa, argentinalı futbolçunun heyətdə üçüncü forvet mövqeyinə düşə biləcəyi ehtimal olunur. Bu isə onun ayrılıq variantını gücləndirən amillərdən biri kimi göstərilir.
İkardi geridə qalan mövsümdə Türkiyə Superliqasında 31 oyunda meydana çıxıb. O, bu görüşlərdə 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
