Bu gün, mayın 28-də Slovakiyanın Bratislava şəhərində minifutbol üzrə Azərbaycan millisi dünya çempionu statusunda Avropa çempionluğu uğrunda mübarizəyə başlayacaq.
İdman.Biz xatırladır ki, komandamız daha əvvəl də qitə birinciliyinin qalibi olub. Yığmamız 2022-ci ildə, yenə Slovakiyada keçirilən turnirdə Avropa çempionu adına sahib çıxıb. Lakin sonuncu – iki ildən bir təşkil olunan AVRO-2024-də milli yalnız beşinci yeri tutub. Buna baxmayaraq, dünya çempionatındakı uğurdan sonra azarkeşlərin komandamızdan gözləntiləri olduqca yüksəkdir.
Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq. Bu rəqiblərin heç biri yığmamız üçün ciddi təhlükə təsiri bağışlamır.
Millimizin bu gün üz-üzə gələcəyi Avstriya komandası Avropa Minifutbol Federasiyasının (EMF) reytinqində 30 komanda arasında 24-cü pillədə qərarlaşıb. Komanda AVRO-2024-də iştirak etməyib və həmin ildən sonra “yenilənmə” dövrünə qədəm qoyub. İtaliyanın da ciddi təhlükə yaradacağı gözlənilmir. Bu komanda Avropa reytinqində 16-cı sıradadır.
Fransa isə daha uğurlu nəticələri ilə seçilir. Bu yığma son Avropa çempionatında ilk “dördlüy”ə daxil olub və Azərbaycanı bir pillə qabaqlayıb. Hazırda fransızlar EMF reytinqində 6-cı, Dünya Mini Futbol Federasiyası (World Minifootball Federation/WMF) isə 9-cu yerdədirlər. Bununla belə, Azərbaycan millisi 2024-cü ildə keçirilən Avropa çempionatında Fransanı 3:1 hesabı ilə məğlub edib.
Turnirin əsas favoritləri sırasında Azərbaycandan başqa Serbiya və Rumıniya da göstərilir. Hər iki komanda dünya və Avropa reytinqlərinin ilk “üçlüy”ündə yer alır:
WMF reytinqi:
Azərbaycan – 1-ci yer,
Serbiya – 2-ci yer,
Rumıniya – 3-cü yer;
EMF reytinqi:
Rumıniya – 1-ci yer,
Azərbaycan – 2-ci yer,
Serbiya – 3-cü yer.
Serbiya hazırkı Avropa çempionudur. Rumıniya isə qitənin ən titullu komandası hesab olunur. Rumınlar turnirin hər il keçirildiyi 2010-2015-ci illərdə ardıcıl altı dəfə Avropa çempionu olublar. Son üç AVRO-da isə gümüş medallarla kifayətləniblər.
2025-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan Macarıstanı, eləcə də Avropanın ilk “beşliy”ində qərarlaşan Qazaxıstan və Bolqarıstanı da qeyd etmək lazımdır.
Böyük ehtimalla, Azərbaycan millisi növbəti titul və Slovakiyadakı triumfun təkrarı uğrunda məhz bu komandalarla mübarizə aparacaq.
Xatırladaq ki, turnir iyunun 4-dək davam edəcək.
