İtaliyanın “Napoli” futbol komandasının hücumçusu Romelu Lukaku Belçika millisinin sabiq baş məşqçisi, bu yaxınlardan Türkiyənin “Fənərbağça” klubundan uzaqlaşdırılan Domeniko Tedeskonu tənqid edib.
İdman.Biz xəbər verir ki, 2026-cı il Dünya Çempionatı ərəfəsində danışan forvard EURO-2024 zamanı komandada ciddi narazılıq olduğunu bildirib. Lukaku futbolçuların Tedeskonun oyun planına güvənmədiklərini deyib.
“Oyunçu kimi bəzi şeyləri meydanda dərhal anlayırsan. Planın işləməyəcəyini hiss edirdik. Bunu Kevin de Brüynedən də soruşa bilərsiniz. Bir çox gənc futbolçu da eyni fikirdə idi, amma heyətdəki yerini itirmək qorxusuna görə bunu dilə gətirə bilmirdi. Bu durum komandada ciddi məyusluq yaratdı. Ondan razı deyildik”, - Lukaku bildirib.
Belçikalı hücumçu Roberto Martinezdən sonra milli komandanın başına Tyerri Anrinin gətirilməsini istədiklərini də açıqlayıb. Onun sözlərinə görə, futbolçular sabiq fransalı hücumçunun komandanı daha yaxşı tanıdığını düşünürdülər.
Lukaku Belçika millisinin yeni baş məşqçisi Rudi Qarsiya haqqında isə daha müsbət danışıb. O bildirib ki, fransalı mütəxəssis futbolçuların fikirlərini dinləyir, amma yekun qərarı özü verir. Hücumçunun fikrincə, bu yanaşma komanda daxilində yaxşı qarşılanıb.
