Peres seçkilərin səbəbini açıqladı

28 May 2026 09:40
179
Peres seçkilərin səbəbini açıqladı

İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres növbədənkənar prezident seçkiləri keçirmək qərarının səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Peres səlahiyyət müddəti 2029-cu ilə qədər davam etdiyi halda seçki elan etməsinin səbəblərini izah edib.

“Niyə erkən seçki elan etdiyimi açıqlayacağam. İstəsəm, daha üç il vəzifəmdə qala bilərdim”, - deyə klub rəhbəri söyləyib.

Peresin sözlərinə görə, bir neçə ay əvvəl “Real Madrid”i sabitsizləşdirməyə yönələn və şəxsən onu hədəf alan təşkil olunmuş kampaniya aşkarlayıb:

“Bu, demokratik və şəffaf klubdur. Bəzilərinin mənim seçkilərin keçirilməsinə mane olduğumu deməsi doğru deyil. Bunları həmişə klubu ələ keçirmək istəyən adamlar deyir. Onlar bunu indi də etməyə çalışırlar”.

“Real Madrid” prezidenti bildirib ki, yeni namizəd ortaya çıxandan sonra həmin kampaniyanın arxasında kimlərin dayandığı aydınlaşıb:

“Bunlar klub tarixinin ən pis dövründən - Ramon Kalderon erasından qalan eyni adamlardır. Onlar klubu xilas etmək üçün yox, “Real Madrid”dən faydalanmaq üçün buradadırlar”.

Peres rəqib namizədin biznesi üçün 54 faizlə kredit istəməsini də tənqid edib:

“Belə biri “Real Madrid” kimi klubu necə idarə edə bilər? İndi bilirik ki, niyə heç bir İspaniya bankı ona bank zəmanəti verməyib”.

Klub rəhbəri “Real Madrid”in maliyyə və idman baxımından dünyanın ən uğurlu klubu olduğunu bildirib:

“Biz 10 ildə altı Çempionlar Liqası qazanmışıq. Seçilsək, eyni qaydada qalib gəlməyə davam edəcəyik”.

İdman.Biz