Maduekedən “Arsenal”a transfer işarəsi

28 May 2026 09:20
146
Maduekedən “Arsenal”a transfer işarəsi

İngiltərənin “Arsenal” futbol komandasının vingeri Noni Maduekenin sosial şəbəkə fəaliyyəti Morqan Rocers transferi ilə bağlı müzakirələri artırıb.

İdman.Biz xəbər verir ki, Madueke “Aston Villa”nın yarımmüdafiəçisinin “Arsenal”a keçidi ilə bağlı paylaşımı bəyənib. Bu addım London klubunun 23 yaşlı ingiltərəli futbolçuya marağı fonunda diqqət çəkib.

İddialara görə, İngiltərə Premyer Liqasının çempionu yayda heyətini gücləndirmək üçün Rocersin transferini ciddi şəkildə nəzərdən keçirir. Futbolçu noyabrda “Aston Villa” ilə yeni müqavilə imzalayıb və sözləşməsi 2031-ci ilə qədər qüvvədədir. Bu səbəbdən Birmingem klubu onu satmağa məcbur deyil.

Rocers İngiltərə millisinin Dünya Çempionatı üçün heyətinə də daxil edilib. Bu amil transfer prosesinin turnirdən sonraya qalmasına səbəb ola bilər.

“Aston Villa”nın oxşar səviyyəli futbolçular üçün bazarda formalaşan qiymətləri nəzərə alaraq Rocersə yüksək qiymət qoyacağı gözlənilir. İngiltərə mətbuatında onun dəyərinin 80 milyon funtdan (183,3 milyon AZN) yuxarı ola biləcəyi qeyd olunur.

Qeyd edək ki, Rocers Unay Emerinin komandasında həm sol cinahda, həm də mərkəzdə oynaya bilir. “Arsenal” üçün əsas suallardan biri də onun Mikel Artetanın sistemində hansı mövqedə çıxış edəcəyi ilə bağlıdır.

İdman.Biz