Rusiyanın İkinci liqasında çıxış edən “Veles” futbol komandasının qapıçısı Rasul Mitsayev “Sibir”ə qarşı səfər oyununda qalmaqalla yadda qalıb.
İdman.Biz xəbər verir ki, liqanın 15-ci tur matçında “Sibir” “Veles”ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın baş hakimi Vladislav Xaritonov oyun ərzində beş qırmızı kart göstərib.
İnsident 24-cü dəqiqədə “Veles”in müdafiəçisi Marat Kovalkovun kobud oyununa görə qırmızı kart almasından sonra baş verib. Komandanın kapitanı Rasul Mitsayev hakimin qərarına etiraz edib və əvvəlcə sarı vərəqə alıb. Bundan sonra qapıçı referini yüngülcə itələyib və birbaşa qırmızı kartla cəzalandırılıb.
Mitsayev meydanı tərk edərkən məşhur rusiyalı qapıçı Sergey Ovçinnikovun 2006-cı ildə dediyi ifadəni təkrarlayıb. O, hakimə kapitan olduğunu xatırladaraq emosional reaksiya ilə onu söyüb.
Matçda ümumilikdə “Veles”in iki futbolçusu, baş məşqçisi Aleksey Stukalov və məşqçi korpusunun daha bir üzvü qırmızı kart alıb. Görüşün sonunda isə “Sibir”in müdafiəçisi Sergey Zapalatski ikinci sarı vərəqədən sonra meydandan qovulub. “Sibir” qələbə qolunu birinci hissənin sonunda Denis Pokotylonun zərbəsi ilə vurub.
