İspaniyanın “Sevilya” futbol klubunun sabiq futbolçusu Serxio Ramosun klubu almaq planı baş tutmaya bilər.
İdman.Biz xəbər verir ki, 39 yaşlı ispaniyalının rəhbərlik etdiyi investor qrupu əvvəl razılaşdırılan şərtləri son mərhələdə dəyişib. Ramosun tərəfi ilkin 450 milyon avroluq (900 milyon AZN) razılaşmadan geri çəkilərək daha aşağı məbləğ təklif edib.
Məlumata görə, yeni təklif təxminən 220 milyon avro (440 milyon AZN) səviyyəsindədir. Plan 86 min səhm əvəzinə 30 min səhm almağı və 80 milyon avro (160 milyon AZN) əvəzinə 120 milyon avroluq (240 milyon AZN) kapital artırımı etməyi nəzərdə tutur. Bu halda Ramos “Sevilya”nın təxminən 60 faizinə nəzarət edə bilər.
Lakin klubun əsas səhmdarlarının böyük hissəsi bu şərtləri qəbulolunmaz sayır. Onların bir qismi artıq yeni alıcı axtarışına başlamağa yaxındır. Danışıqlarla bağlı yekun cavabın ən gec 31 maya qədər verilməsi gözlənilir.
“ElDesmarque” də yazır ki, Ramosun təqdim etdiyi yeni təklif əvvəlki razılaşmanı dəyişib. Mənbənin məlumatına görə, proses “havada qalıb” və tərəflərin razılığa gəlməsi üçün vaxt çox azdır.
