Türkiyənin “Fənərbağça” futbol komandasının braziliyalı yarımmüdafiəçisi Fred karyerasını ölkəsində davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçunun Braziliyanın “Atletiko Mineyro” futbol klubu ilə anlaşmaya yaxın olduğu iddia olunur. Türkiyə mətbuatının braziliyalı jurnalist Heverton Gimaraesə istinadən yaydığı məlumata görə, tərəflər arasında danışıqlar irəliləyib və keçid yaxın vaxtlarda yekunlaşa bilər.
Fredin “Fənərbağça” ilə müqaviləsinin daha bir il qüvvədə olduğu bildirilir. Bu səbəbdən transfer prosesinin asan keçməyəcəyi qeyd olunur. “Atletiko Mineyro” rəhbərliyi isə təcrübəli futbolçunu qısa müddətdə heyətə qatmaqda maraqlıdır.
Məlumata görə, Fred Braziliyanın Belo-Orizonti şəhərində ev alıb və ailəsi ilə birlikdə burada yaşamaq niyyətindədir. Futbolçunun 2025-ci ildə də “Atletiko Mineyro” ilə danışıq apardığı, lakin həmin vaxt keçidin baş tutmadığı vurğulanır.
