Polşanın “Lex” futbol komandası üçün UEFA Çempionlar Liqasında “Sabah”la mümkün duel yerli mətbuatda riskli variant kimi dəyərləndirilir.
İdman.Biz xəbər verir ki, Poznan təmsilçisi növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Polşa çempionu bu raundun püşkatmasında səpələnmişlər sırasında yer alacaq.
Polşa mətbuatında “Lex”in mümkün rəqibləri təhlil olunub. Dəyərləndirmədə birinci təsnifat mərhələsindən gələcək bəzi komandaların ikinci raunddan yarışa başlayacaq klublardan zəif olmadığı vurğulanıb. Bu sırada Azərbaycanın “Sabah”, Bolqarıstanın “Levski” və Macarıstanın “ETO Dyor” futbol komandalarının adı xüsusi çəkilib.
Yerli KİV həmin komandalarla qarşılaşmağın “Lex” üçün uğursuz variant ola biləcəyini yazıb. Bu baxımdan “Sabah” da Poznan klubunun arzulamadığı mümkün rəqiblərdən biri kimi təqdim olunur.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü 17 iyunda atılacaq. Bu raundun ilk oyunları 21-22 iyulda, cavab görüşləri isə 28-29 iyulda keçiriləcək.
