“Sabah”ın kapitanının milliyə çağırılmaması mütəxəssisləri ayağa qaldırb

20 May 2026 12:59
119
“Sabah”ın kapitanının milliyə çağırılmaması mütəxəssisləri ayağa qaldırb

“Sabah” futbol komandasının qapıçısı Stas Pokatilov Qazaxıstan mətbuatının və futbol mütəxəssislərin diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, sports.kz təcrübəli qolkiperin Qazaxıstan millisinin Ermənistan və Macarıstanla oyunlar üçün açıqlanan geniş heyətinə salınmamasını təhlil edib və 33 yaşlı qapıçının bu mövsüm yığmaya dəvət almağa layiq olduğunu yazıb.

Qazaxıstanlı qapıçı Misli Premyer Liqasında 30 oyunda meydana çıxıb və 2700 dəqiqə meydanda olub. O, bu müddətdə 22 qol buraxıb. Ən diqqətçəkən məqam isə Pokatilovun “quru” oyun sayında liqanın liderləri sırasında yer almasıdır. O, portuqaliyalı Rikardu Fernandeslə birlikdə 13 matçda qapısını toxunulmaz saxlayıb.

Qazaxıstan yığmasının qapıçı siyahısında Temirlan Anarbekov, Bekxan Şayzada, Muxamedjan Seysen və Aleksandr Zarutski yer alıb. Pokatilov isə ötən ilin payızından sonra millidə oyun keçirməyib. O, son dəfə 2025-ci ilin iyununda Belarusla yoldaşlıq matçında meydana çıxıb.

Qazax idman mütəxəssisləri Pokatilovun kənarda qalmasını mübahisəli qərar kimi qiymətləndirirlər. Çünki “Sabah”ın kapitanı karyerasının ən uğurlu mövsümlərindən birini keçirib, çempion komandanın lideri olub və statistik göstəricilərinə görə liqanın ən güclü qapıçılarından biri kimi seçilib.

Qazaxıstanlı mütəxəssis Bulat Yesmagambetov da Pokatilovun çıxışını yüksək qiymətləndirib. O, təcrübəli qapıçını xaricdə oynayan ən uğurlu qazaxıstanlı futbolçu adlandırıb:

“Mən hesab edirəm ki, bu gün Stas Pokatilov xaricdə çıxış edən ən uğurlu qazaxıstanlı futbolçudur. O, Azərbaycanda “qızıl dubl” etdi, çempion və kubokun qalibi oldu. O, Qazaxıstanın bir nömrəli qapıçısıdır”.

Yesmagambetov Pokatilovun müdafiəni idarə etmək bacarığını, komandanı xilas etməsini və liderlik keyfiyyətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, “Sabah” məhz Stasın simasında etibarlı qapıçı qazandığı üçün belə böyük uğura imza atıb.

Qazax mediası yazır ki, Pokatilov uzunmüddətli gələcək planı baxımından yox, məhz “indi və burada” prinsipi ilə milliyə fayda verə bilərdi. Təcrübəsi, forması və kapitanlıq xarakteri Qazaxıstan yığması üçün ciddi üstünlük ola bilərdi.

İdman.Biz