Mareska “Mançester Siti” ilə anlaşdı

19 May 2026 12:36
132
Mareska “Mançester Siti” ilə anlaşdı

İtaliyalı futbol mütəxəssisi Enzo Mareska İngiltərənin “Mançester Siti” futbol klubu ilə şifahi razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Onun paylaşımına görə, Mareska uzun müddətdir Pep Qvardiolanı əvəzləmək üçün ideal namizəd hesab olunurdu. Tərəflər arasında razılaşma artıq əldə edilib və italiyalı mütəxəssis “Mançester Siti” ilə ilkin olaraq üç illik müqavilə imzalayacaq.

İnsayder xəbəri özünəməxsus “Here we go!” ifadəsi ilə təqdim edib. Bu isə keçidin böyük ölçüdə razılaşdırıldığı anlamına gəlir.

Mareska “Mançester Siti” sisteminə yaxşı bələd olan məşqçilərdən sayılır. O, 2020-ci ilin avqustunda klubun Elit İnkişaf Komandasının baş məşqçisi təyin olunub və bu vəzifədə keçirdiyi yeganə mövsümdə “Premier League 2” titulunu qazanıb.

İtaliyalı mütəxəssis 2022-ci ilin iyununda yenidən “Mançester Siti”yə qayıdıb. O, Qətərin “Əl-Sədd” klubuna baş məşqçi gedən Xuanma Lillonu əvəzləyərək Pep Qvardiolanın köməkçilərindən biri olub.

Mareskanın məşqçilik fəlsəfəsində Qvardiolanın təsiri xüsusi yer tutur. Onun taktiki yanaşması topa nəzarət, mövqe oyunu və mərhələli hücum quruculuğu üzərində formalaşıb. Bu baxımdan italiyalı mütəxəssis “Mançester Siti”nin oyun modelinə uyğun namizəd kimi dəyərləndirilir.

Mareskanın Premyerliqada baş məşqçi kimi ilk oyunu da məhz “Mançester Siti”yə qarşı olub. 18 avqustda baş tutan həmin qarşılaşmada “Çelsi” son çempiona öz meydanında 0:2 hesabı ilə uduzub.

İdman.Biz