Kerrik “Mançester Yunayted”in əsas seçiminə çevrildi

15 May 2026 14:17
140
Kerrik “Mançester Yunayted”in əsas seçiminə çevrildi

İngiltərənin “Mançester Yunayted” futbol klubunda Maykl Kerrikin baş məşqçi postuna daimi təyinatı reallaşmağa yaxındır.

İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis müvəqqəti baş məşqçi kimi göstərdiyi nəticələrlə klub rəhbərliyinin etimadını qazanıb. Mançester təmsilçisi yay öncəsi digər namizədlərlə bağlı planlarını arxa plana keçirib və Kerriklə uzunmüddətli əməkdaşlığa hazırlaşır.

Qeyd edək ki, Kerrik Ruben Amorimin gedişindən sonra komandaya rəhbərlik etməyə başlayıb. Onun dövründə “Mançester Yunayted” Premyerliqada üçüncü pilləyə yüksəlib və Çempionlar Liqasına vəsiqəni təmin edib. Kerrik “Liverpul” üzərində 3:2 hesablı qələbədən sonra daimi baş məşqçi postuna əsas favorit olub.

“The Guardian” yazır ki, onun rəhbərliyi altında “Mançester Yunayted” 15 oyunda 33 xal toplayıb.

Məlumata görə, “Mançester Yunayted” daha əvvəl Andoni İraola, Yulian Naqelsmann və Maurisio Poçettino kimi namizədləri də nəzərdən keçirib. Lakin Kerrikin “Arsenal”, “Mançester Siti” və “Liverpul” kimi rəqiblərə qarşı qələbələri rəhbərliyin qərarına ciddi təsir edib.

Kerrikin əsas üstünlüyü kimi klubun daxilini yaxşı tanıması və qısa müddətdə komandanın oyununda sabitlik yaratması hesab edilir.

İdman.Biz