“Çempionşip” finalı casus qalmaqalına görə təxirə düşə bilər

15 May 2026 13:17
143
“Çempionşip” finalı casus qalmaqalına görə təxirə düşə bilər

İngiltərə Futbol Liqası (EFL) “Sauthempton”la bağlı intizam işinə görə “Çempionşip” pley-off finalının vaxtında dəyişiklik ola biləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, qalmaqal “Sauthempton”un analitik heyətinin əməkdaşının “Midlsbro”nun məşqini gizli şəkildə çəkdiyi və taktiki hazırlığı fotoya aldığı iddialarından sonra yaranıb. Hadisənin pley-off yarımfinalının ilk oyunundan əvvəl baş verdiyi bildirilir. İki görüşün nəticəsinə əsasən “Sauthempton” “Midlsbro”nu mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Müstəqil intizam komissiyasının dinləməsi 19 maydan gec olmayaraq keçiriləcək. Qərar təqdim olunan materiallar və sübutlar araşdırıldıqdan sonra mümkün qədər tez açıqlanacaq. (efl.com)

Buna baxmayaraq, EFL “Çempionşip” pley-off finalının əvvəlcədən planlaşdırıldığı kimi 23 mayda “Uembli” stadionunda keçirilməsi üzərində işlədiyini bildirib. Lakin qurum azarkeşləri xəbərdar edib ki, intizam prosesinin nəticəsi oyun cədvəlində dəyişikliklərə səbəb ola bilər.

İngiltərə mediasında “Sauthempton”un pley-offdan kənarlaşdırılması ehtimalı da müzakirə olunur. Belə qərar verilsə, klub Premyer Liqaya yüksəlmək şansını itirə bilər. Daha yumşaq ssenaridə isə finalın vaxtı və ya məkanı dəyişdirilə bilər.

Qeyd edək ki, finalda “Sauthempton”un İngiltərənin “Hall” futbol klubu ilə qarşılaşması planlaşdırılır. Qalib komanda növbəti mövsüm Premyer Liqada çıxış hüququ qazanacaq.

İdman.Biz