Qordon “Bavariya”ya doğru: “Nyukasl” üçün ideal çıxış yolu

15 May 2026 12:17
99
Qordon “Bavariya”ya doğru: “Nyukasl” üçün ideal çıxış yolu

İngiltərənin “Nyukasl” futbol komandasının vingeri Entoni Qordonun Almaniyanın “Bavariya” futbol komandasına keçidi reallaşmağa yaxın görünür.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu Münhen təmsilçisi ilə şəxsi şərtlərdə razılığa gəlib. “Football Insider”in məlumatına görə, “Nyukasl” Qordonun satışına icazə vermək üçün 75 milyon funta (170 milyon AZN) qədər məbləğ tələb edə bilər.

İngiltərənin “Liverpul” və “Arsenal” futbol komandalarının da maraq göstərdiyi Qordon üçün “Bavariya” daha real variant sayılır. “Everton”un sabiq icraçı direktoru Kit Vinessin fikrincə, futbolçunun qərarına Harri Keynin Almaniyada uğurlu çıxışı təsir göstərə bilər.

Viness bildirib ki, Qordonun Bundesliqaya yollanması həm futbolçunun özü, həm də “Nyukasl” üçün daha doğru seçim olar. Onun sözlərinə görə, İngiltərə klubu bu keçiddən yaxşı məbləğ qazanacaq və Premyer Liqadakı rəqiblərindən birini gücləndirməyəcək.

“Nyukasl”da yayda ciddi heyət dəyişikliyi gözlənilir. Baş məşqçi Eddi Hau komandanı yenidən qurmağa hazırlaşır və Qordonun ayrılığı bu prosesin əsas addımlarından biri ola bilər.

Klub qapıçı mövqeyində də dəyişiklik planlaşdırır. Nik Poupun gələcəyi ilə bağlı suallar var, Aaron Remsdeylin icarə müddəti isə başa çatır. “Mançester Yunayted”in sabiq baş skautu Mik Braun “Mançester Siti”nin qapıçısı Ceyms Traffordu “Nyukasl” üçün əsas namizəd hesab edir.

İdman.Biz