“Real” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa İspaniya La Liqasında “Oviedo” üzərində 2:0 hesablı qələbədən sonra Madrid klubunun hücum iyerarxiyasındakı yerindən açıq şəkildə narazılıq edən Kilian Mbappeyə sərt cavab verib.
İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, matçdan sonra Mbappe start heyətində meydana çıxmağa hazır olduğunu, lakin məşqçinin guya onu Qonsalo Qarsiya, Vinisius Junior və Franko Mastantuonodan sonra dördüncü hücumçu hesab etdiyini bildirib. Arbeloa mətbuat konfransında fransalı futbolçunun sözlərini təkzib edib və vəziyyəti yumşaltmaqdan imtina edib.
“Mən deməmişəm ki, o, mənim dördüncü hücumçumdur. O, yəqin ki, başa düşməyib. Mən belə bir şeyi necə deyə bilərdim? Bilmirəm... Mənim hətta dörd hücumçum yoxdur. Amma bu kresloda oturduğum müddətdə kimin oynayıb, kimin oynamayacağına mən qərar verirəm. Onların adlarının nə olması isə mənim vecimə deyil. Dörd gün əvvəl hətta sifariş ərizəsində olmayan futbolçu avtomatik olaraq start heyətində meydana çıxa bilməz. Bu, sağlam məntiqdir. Mbappe hesab edir ki, start heyətində meydana çıxmalı idi? Mənə fərqi yoxdur. Mən məşqçiyəm və qərarları məhz mən qəbul edirəm. Əgər futbolçular qərarlarımdan razıdırsa, əla. Əgər yoxdursa, növbəti məşqçini gözləyə bilərlər”, - o deyib.
Münaqişə “Real” azarkeşlərinin “Oviedo” ilə oyun zamanı Mbappeyə fit çalması fonunda baş verib. Fransalı futbolçunun özü də oyundan sonra
Arbeloanın açıqlamalarını izləmədiyini vurğulayıb.
“Mən Arbeloanın mətbuat konfranslarına baxmıram. Evimdə İspaniya yox, Fransa televiziyası var”, - Mbappe bildirib.
İspaniya mediasında bu vəziyyət artıq mövsümün son hissəsinin əsas qalmaqallarından biri adlandırılır. “Oviedo” üzərində qələbə “Real” daxilindəki gərginliyi aradan qaldırmayıb: məşqçi komandada toxunulmazların olmadığını nümayişkaranə şəkildə göstərir, Mbappe isə indiki statusu ilə razı olmadığını açıq şəkildə bildirir.
